ELM VƏ TƏHSİL
Metsamor AES bütün region üçün təhlükə mənbəyidir
Bakı, 29 mart, X.Cəfərova, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunda bu müəssisənin baş elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Vəlizadənin rus dilində çapdan çıxmış “Metsamor AES: region üçün ekoloji bomba” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, institutun direktoru, Milli Məclisin deputatı Aytən Mustafazadə Ermənistanda 1967-ci ildə fəaliyyətə başlayan və böyük region üçün təhlükə mənbəyinə çevrilən Metsamor AES-in bütövlükdə bəşəriyyət üçün qlobal problem olduğunu vurğulayıb. A.Mustafazadə AES-in nüvə tullantılarının Azərbaycanın çay və digər su yataqlarına axıdılmasından və ölkənin təbii sərvətlərinin talan edilməsindən, ətraf mühitin zərərli maddələrlə zəhərlənməsindən, insan resurslarının terror hadisələri nəticəsində məhv olmasından və baş verə biləcək genişmiqyaslı fəlakətlərdən söz açıb. İnstitutun direktoru bu kitabın Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il martın 24-dən 26-dək Haaqada keçirilən Beynəlxalq Nüvə Sammitindəki çağırışına cavab olaraq nəşr edildiyini bildirib.
Sonra müəllif R.Vəlizadə Ermənistanın bu vaxtadək bağlı qalan “nüvə proqramı”, Azərbaycana qarşı yürütdüyü düşmənçilik siyasəti, eləcə də Beynəlxalq Terror Təşkilatları ilə AES-in müştərək əlaqələri barədə məlumat verib.
Müəllif, həmçinin Ermənistanın uran tunellərində - şaxtalarında və AES-də zorla çalışmağa vadar edilən azərbaycanlı əsirlərin həyat şəraitindən söz açıb. O, AES-in yaxınlığında salınmış adsız qəbiristanlıqda basdırılan azərbaycanlı əsirlərin adlarını açıqlayıb.
Kitabda verilmiş bəzi məqamlar Yaponiyadakı Fukusima, Ukraynadakı Çernobıl AES-dəki faciələri yada salaraq onlarla eyni dərəcədə müqayisə edilir və Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və İran üçün Ermənistan AES-in nə dərəcədə təhlükəli olması bir daha xatırladılır. Bütün bunların regiona vuracağı maddi və mənəvi, ekoloji ziyanın qarşısının əvvəlcədən alınması barəsində ictimaiyyətə xəbərdarlıq edilir.
Milli Məclisin deputatlarının, müvafiq dövlət qurumlarının nümayəndələrinin, beynəlxalq təşkilatların təmsilçilərinin, alimlərin iştirak etdikləri tədbirdə kitabla bağlı çıxışlar ətrafında fikir mübadiləsi aparılıb.