DÜNYA
“Metyu” qasırğası: ABŞ-da daşqın təhlükəsi sovuşmayıb VİDEO
Bakı, 12 oktyabr, AZƏRTAC
ABŞ-ın Şimali Karolina ştatında daşqın təhlükəsi qalmaqdadır. Hakimiyyət orqanları bu vəziyyətin minimum həftənin axırınadək qalacağı barədə xəbərdarlıq edib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, təkcə bu ştatda 14 nəfər təbii fəlakətin qurbanı olub. Digər ölüm halları Cənubi Karolinada, Floridada və Corciyada qeydə alınıb. Ümumilikdə ABŞ-da qasırğa səbəbindən həyatını itirənlərin sayı 33 nəfərə yüksəlib. Həlak olanların bir çoxu selin apardığı şəxslərdir.
Milli Qvardiya dəstələri Cənubi Karolinada su altında qalmış rayonlardan sakinlərin təxliyəsini davam etdirir. Ştat ölkə prezidenti tərəfində təbii fəlakət zonası elan olunub.
Xatırladaq ki, “Metyu” Atlantik okeanında son doqquz ildə baş verən ən güclü qasırğadır”. Qasırğanın ən böyük zərbəsi Haitiyə dəyib. Qeyri-rəsmi məlumatlara görə, bu ölkədə təbii fəlakət qurbanlarının sayı min nəfərə çatıb.