REGİONLAR
Meymun alması deyib keçməyin...
Salyan, 14 sentyabr, Mahir Babayev, AZƏRTAC
Salyanda yol kənarlarında, parklarda rast gəlinən meymun almasının faydasından çoxları xəbərsizdir. Maraqlısı odur ki, lazımsız meyvə kimi baxdığımız meymun almasının böyük müalicəvi əhəmiyyəti var.
AZƏRTAC xəbər verir ki, el arasında meymun alması kimi tanınan ağac Salyana ötən əsrin 30-cu illərində xarici ölkələrdən gətirilərək əkilib. Həmin ağacların sayı artırılıb və bu günədək qorunub saxlanılır. Hündürlüyü 15-20 metrə çatan ağacın meyvələri adətən payız aylarında yetişir.
Yeməli olmasa da, meymun almasının müalicəvi əhəmiyyəti olduqca böyükdür. Rayon sakini Fəxrəddin Fərzəliyevin dediyinə görə, xalq təbabətində bu almadan bir çox xəstəliklərin müalicəsində, xüsusən də revmatik xəstəliklərin, dermatitin, xoranın, radikulitin müalicəsində istifadə olunur.
Bununla yanaşı, meymun alması daha çox oksigen istehsal edən ağacdır. Ağacda fotosintez prosesi baş verdikdə atmosfer oksigenlə zənginləşir. Oduncağı da çox möhkəm olur. Ona görə də ondan torna aparatları düzəldilərkən geniş istifadə edilir. Meyvəsinin çəkisi 300-400 qram olur.