REGİONLAR


Meyvə-tərəvəz istehsalçıları və ixracatçıları yeni assosiasiyada birləşir

A+ A

Xaçmaz, 16 avqust, Elxan Yusifli, AZƏRTAC 

Ölkədə fəaliyyət göstərən qabaqcıl meyvə-tərəvəz istehsalçıları və ixracatçılarının təşəbbüsü, İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis olunub.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar avqustun 16-da Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində ölkənin bütün iqtisadi rayonlarını təmsil edən 100-ə yaxın meyvə-tərəvəz istehsalı və ixracı ilə məşğul olan sahibkarların və rəsmi şəxslərin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov sahibkarlığın inkişafının Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Sahib Məmmədov sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılmasının, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsinin, sahibkarların şikayətlərinə daha həssas yanaşılması məqsədilə apellyasiya şuralarının yaradılmasının, investisiyanın təşviqi sənədinin verilməsinin və digər tədbirlərin özəl sektorun inkişafında xüsusi rol oynadığını qeyd edib. Bildirilib ki, meyvə-tərəvəz istehsalı və ixracı ilə məşğul olan sahibkarların fəaliyyətini əlaqələndirmək, onlar arasında əməkdaşlığı genişləndirmək məqsədilə yaradılan assosiasiyanın fəaliyyəti meyvə-tərəvəz istehsalının artırılması, ölkənin ixrac imkanlarının genişləndirilməsi baxımından da əhəmiyyətli olacaq. İqtisadiyyat Nazirliyi tərəfindən assosiasiyanın fəaliyyətinin təşkilinə lazımi dəstək göstəriləcək.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov son illər qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində genişmiqyaslı tədbirlərin, qabaqcıl beynəlxalq təcrübəyə uyğun müxtəlif layihələrin həyata keçirildiyini qeyd edib, Konfederasiyanın yeni yaradılan assosiasiya ilə yaxından əməkdaşlıq edəcəyini vurğulayıb.

İqtisadiyyat Nazirliyinin şöbə müdiri Elşən Əsədov isə tədbir iştirakçılarına beynəlxalq təcrübədə geniş yayılmış bu cür assosiasiyaların fəaliyyəti və onların sahibkarlığın inkişafında rolu barədə məlumat verib.

Sonra tədbir iştirakçılarının təklifi əsasında assosiasiyanın təsis olunması məsələsi səsə qoyulub və yekdilliklə qəbul olunub. Assosiasiyanın dövlət qeydiyyatı ilə bağlı təşkilati məsələlərə dair müzakirələr aparılıb, qurumun nizamnaməsi təsdiq olunub, idarə heyətinin və nəzarət-təftiş komissiyasının üzvləri seçilib. “Zirə” İstixana Kompleksinin rəhbəri Bəşir Quliyev Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri seçilib.

Göstərilən etimada görə təşəkkürünü bildirən Bəşir Quliyev assosiasiyanın səmərəli fəaliyyət göstərməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Tədbir çərçivəsində, həmçinin meyvə-tərəvəz məhsullarından ibarət sərgi təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.