İQTİSADİYYAT
Meyvə-tərəvəz məhsulları daşıyan nəqliyyat vasitələrinin gömrükdən sürətli keçidinin təmini məsələsi müzakirə edilib
Bakı, 10 avqust, AZƏRTAC
Meyvə-tərəvəz məhsulları daşıyan nəqliyyat vasitələrinin gömrükdən sürətli keçidinin təmini məsələsi müzakirə edilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirələr avqustun 10-da Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndələri arasında növbəti işçi görüşündə aparılıb. Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırovun və Rusiya Federasiyası Federal Gömrük Xidmətinin Şimali-Qafqaz Gömrük İdarəsinin Gömrük nəzarətinin təşkili xidmətinin rəis əvəzi Konstantin Muruyevin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak edib.
Şahin Bağırov iki ölkə arasında bütün sahələrdə qarşılıqlı əməkdaşlığa, mehriban qonşuluq münasibətlərinə söykənən əlaqələr qurulduğunu, hər iki ölkənin gömrük orqanlarının bu əlaqələrin daha da inkişaf etdirilməsində öz töhfəsini verdiyini diqqətə çatdırıb.
O, iki ölkə arasında dəmir yolu vasitəsilə daşınan yüklər barəsində qarşılıqlı məlumat mübadiləsinin təşkili, məlumatların əvvəlcədən ötürülməsi məsələlərinə toxunub, bu sahədə aparılacaq səmərəli fəaliyyətin gömrük nəzarətinin və rəsmiləşdirilməsinin sürətləndirilməsinə fayda verəcəyini diqqətə çatdırıb.
Müzakirələr zamanı, həmçinin ölkəmizdən ixrac olunan meyvə-tərəvəz məhsullarının ünvanlarına vaxtında çatdırılması məqsədilə gömrük nəzarətinin operativliyinin vacibliyinə, eləcə də qarşılıqlı əməkdaşlıq əsasında görülən işlərə toxunulub.
Konstantin Muruyev qeyd edib ki, görüşün gündəliyində duran məsələlər aktualdır və müzakirə ediləcək məsələlər əsasında aidiyyəti işlər həyata keçiriləcək.
Görüşdə sərhəd-gömrük keçid məntəqələrində meyvə-tərəvəz məhsulları daşıyan nəqliyyat vasitələrinin sürətli keçidinin təmini, sərnişin, nəqliyyat vasitələri, mallara dair məlumat mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
İclasın sonunda işçi görüşün protokolu imzalanıb.