SİYASƏT


Məzahir Pənahov: Referendumu 33 ölkəni təmsil edən 117 müşahidəçi izləyəcək VİDEO [YENİLƏNİB]

A+ A

Bakı, 25 sentyabr, Əsəd Məmmədov, AZƏRTAC

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ümumxalq səsverməsi (referendum) ilə bağlı sentyabrın 25-də mətbuat konfransı keçirib.

Ümumxalq səsverməsinə hazırlıq prosesi barədə məlumat verən MSK sədri qeyd edib ki, bu müddətdə komissiyanın fəaliyyətini bir necə qrupa ayırmaq olar: maarifləndirmə məsələləri, seçki məntəqələrinin səsvermə üçün hazırlanması və şəffaflıq prinsiplərinin təmin olunması istiqamətində görülən işlər. MSK maarifləndirmə ilə bağlı həm aşağı seçki komissiyaları, həm də Seçki Məcəlləsinin və digər qanunvericilik aktlarının tələbinə uyğun olaraq, seçki və referendumların keçirilməsində müəyyən vəzifəsi olan orqanlarla birgə bir sıra tədbirlərin keçirilməsinə xüsusi əhəmiyyət verib.

Referenduma hazırlıq dövründə seçicilərin maarifləndirilməsinin xüsusi önəm daşıdığını bildirən M.Pənahov deyib: “Seçicilərin maarifləndirilməsi üçün MSK xüsusi proqram hazırlamışdı. İlk günlərdən MSK üzvləri və katibliyin əməkdaşları İctimai Televiziyada və "Azərbaycan" qəzetində səsvermənin bütün mühüm sahələrini, əsas məqamlarını əhatə edən proqramlar əsasında çıxışlar ediblər. Bu, son günlərə qədər davam edib”.

Diqqətə çatdırılıb ki, referendum aktının müqayisəli variantı səsverməyə 45 gün qalmış ölkə üzrə paylanılıb. Burada hazırkı vəziyyət və təklif olunan əlavə və dəyişikliklər aydın şəkildə izah edilir. Məqsəd o idi ki, ən azı hər bir Azərbaycan ailəsi referendum aktının müqayisəli variantını əldə etsin. Sentyabrın 26-da seçicilərin səsverməyə gedərək sərbəst səs vermələri üçün onlara təqdim olunan bu müqayisəli variant çox böyük önəm daşıyır. Azərbaycan seçicilərinin referendum aktı ilə bağlı səsverməyə hazır olmaları üçün iki aydan səmərəli istifadə edilib.

Sədr deyib ki, aşağı seçki komissiyalarının maarifləndirilməsi üçün kursların təşkil olunması ilə bağlı MSK tərəfindən proqram hazırlanıb. Bunun əsasında Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçki və referendumların keçirilməsində bu və ya digər vəzifələri yerinə yetirən orqanların rəhbər şəxslərinin iştirakı ilə Bakı şəhərində dairə seçki komissiyasının sədrləri üçün kurslar təşkil edilib. Bundan əlavə, yerlərdə də dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün kurslar keçirilib.

Məlumatların dərhal MSK-nın internet saytına ötürülməsi üçün bütün dairələrin texniki vasitələrlə təmin edildiyini bildirən Məzahir Pənahov deyib ki, bu məqsədlə kompyuter mütəxəssisləri üçün xüsusi kurslar təşkil olunub.

Vurğulanıb ki, səsvermənin Seçki Məcəlləsinə uyğun həyata keçirilməsi üçün ayrı-ayrı dövlət qurumları, o cümlədən polis orqanlarının, Pentensiar Xidmət, Ombudsman Aparatı, Səhiyyə Nazirliyi, Xarici İşlər Nazirliyi və digər qurumlar ilə birgə maarifləndirmə tədbirləri keçirilib. Eyni zamanda, kütləvi informasiya vasitələrinin rəhbərləri üçün də seminar-müşavirələr təşkil edilib.

Qeyd edilib ki, ölkə üzrə 5627 seçki məntəqəsi fəaliyyət göstərir. Bütün məntəqələr müşahidəçilər və kütləvi informasiya vasitələrinin nümayəndələri üçün açıqdır. Səsvermələrdə şəffaflığın təmin olunmasında müşahidəçilərin əhəmiyyətli rolu olduğunu deyən sədr bildirib ki, Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçən istənilən müşahidəçi bütün məntəqələrdə müşahidə apara bilər. Sabahkı səsverməni 117 beynəlxalq müşahidəçi izləyəcək. Onlar 33 ölkəni təmsil edirlər. Buraya Avropa Şurası Parlament Assambleyasının, MDB Parlamentlərarası Assambleyanın, Türkdilli Ölkələrin Parlament Assambleyasının, bəzi ölkələrin parlamentlərinin, seçki komissiyalarının, həmçinin seçki prosesi üzrə ixtisaslaşmış bir sıra beynəlxalq təşkilatların nümayəndələri daxildir. Bundan başqa, 53 min 531 yerli müşahidəçi akkreditasiyadan keçib. Onlardan 1097-si Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib. 52 min 434 yerli müşahidəçi isə dairə seçki komissiyalarına müraciət edərək qeydiyyatdan keçiblər. Səsverməni müşahidə etmək üçün müraciət edən bütün tərəflərə şərait yaradılıb. Yerli müşahidəçilərdən 34 minə yaxını şəxsi təşəbbüsləri ilə müraciət edənlərdir.

Vurğulanıb ki, səsverməni 16 beynəlxalq kütləvi informasiya vasitəsi də işıqlandıracaq. Dörd təşkilat tərəfindən “exit-poll”lar keçiriləcək. Sevindirici haldır ki, bunların arasında yerli təşkilatlarla yanaşı, ABŞ-ın və Fransanın “exit-poll”lar keçirən qurumları da var.

Bundan başqa, xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının səs vermələri üçün diplomatik nümayəndəliklərimizdə 38 seçki məntəqəsi yaradılıb.

Azərbaycanın veb-kamera praktikasından danışan MSK sədri bildirib ki, 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Beləliklə, dünyanın istənilən yerindən MSK-nın saytına daxil olmaqla bütün prosesləri davamlı izləmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.