ELM VƏ TƏHSİL
“Mezomexanika və plastiklik fizikası” monoqrafiyası çapdan çıxıb
Bakı, 29 mart, AZƏRTAC
Azərbaycan alimləri Arif Paşayev və Əhəd Canəhmədovun həmmüəllifi olduqları “Mezomexanika və plastiklik fizikası” monoqrafiyası nəfis tərtibatda nəşr olunub. Əsər səkkiz bölmədən və ümumilikdə 511 səhifədən ibarətdir. Monoqrafiyanın rəyçisi SSRİ və Rusiya Dövlət mükafatları laureatı akademik Boris Qusevdir.
AZƏRTAC xəbər verir ki, monoqrafiyada fiziki mezomexanikanın struktur-analitik nəzəriyyəsi və konstruksiya materiallarının səth qatlarının dağılmadan əvvəlki mərhələdə yüklənən detalların gərginlik-deformasiya vəziyyətinin analizinə baxılır. Çoxsəviyyəli iyerarxiyalı təşkil olunmuş sistemdəki kimi deformasiya olunan cisimdə qeyri-xətti kanallaşan dağılma prosesləri təsvir edilib. Kompozit materiallarının elektrodinamik xüsusiyyətlərinin modelləşdirilməsinin nəticələri göstərilib. Burada fraktal materialların elastik xüsusiyyətlərinin eksperimental və ədədi tədqiqatları da əksini tapıb. Həmçinin yüksək məsuliyyətli konstruksiya elementlərinin səth qatlarının dağılmasının və yeyilməsinin mexanizmləri təhlil edilir.
Monoqrafiya dağılma mexanikası və tribologiya sahəsində ixtisaslaşan elmi işçilər, aspirantlar və mühəndislər üçün və eləcə də ali texniki məktəblərin yuxarı kurs tələbələri üçün nəzərdə tutulub.