REGİONLAR


“Məzun-2017” yarmarkasında 910 boş iş yeri təklif olunub VİDEO

Gəncə, 16 may, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Məzun-2017” yarmarkası keçirilib.

AZƏRTAC xəbər verir ki, bu il universiteti əyani və qiyabi təhsil formasında bitirən 1149 məzunun işlə təminatına kömək məqsədi daşıyan sayca doqquzuncu yarmarkada ölkənin 35 rayonundan 129 müəssisə və təşkilat tərəfindən, ümumilikdə, 910 boş iş yeri təklif olunub.

Yarmarkada Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, kənd təsərrüfati nazirinin elm və təhsil şöbəsinin müdiri Namiq Məmmədov, Gəncədə fəaliyyət göstərən elm və təhsil müəssisələrinin rəhbərləri, həmçinin bir sıra holdinq, şirkət, müəssisə və təsərrüfatların təmsilçiləri iştirak ediblər.

Tədbiri açan ADAU-nun rektoru İbrahim Cəfərov bildirib ki, məzunların universitetdə aldıqları zəruri biliklər, qazandıqları zəngin təcrübə gələcəkdə aqrar kadrlar kimi çalışacaqları müəssisə və təsərrüfatlara töhfələr verəcəyinə əminlik yaradır.

İbrahim Cəfərov qeyd edib ki, son illərdə Aqrar Universitetdə yaradılan infrastruktur, zəngin maddi-texniki baza, müasir auditoriya və laboratoriyalar ölkədə kənd təsərrüfatının müvafiq sahələri üzrə aqrar mütəxəssis hazırlayan elm-təhsil müəssisəsinin inkişafına səbəb olub. Həmçinin universitetin dünyanın bir sıra qabaqcıl ölkələrinin ali təhsil müəssisələri ilə həyata keçirdiyi müxtəlif akademik mübadilə proqramları ADAU-nun yüksək ixtisaslı gənc aqrar kadrlarla təminatını yaxşılaşdırıb. Elə ona görə də hazırda Aqrar Universiteti bitirən məzunlar qazandıqları zəruri nəzəri–praktik bilik və bacarıqlar sayəsində əmək bazarında kəskin rəqabət şəraitində çətinlik çəkməkdən işlə təmin olunmağı bacarırlar.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən və son illərdə respublika gənclərinə yaradılan yüksək şəraitdən danışıb. Qeyd edilib ki, hazırda gənclərin hərtərəfli inkişafı, onların intellektual potensialının aşkarlanması dövlətin qarşısında duran əsas məsələlərdən biridir.

Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev Aqrar Universitetin inkişaf istiqamətində gördüyü işləri və bu təhsil müəssisəsindəki tədris prosesini, ümumilikdə, müasir təhsil sisteminə töhfə kimi qiymətləndirib.

Kənd təsərrüfatı nazirinin elm və təhsil şöbəsinin müdiri Namiq Məmmədov qeyd edib ki, ölkənin ərzaq təhlükəsizliyi və əhalinin zəruri ərzaq məhsulları ilə təminatı dövlətin qarşısında duran prioritet məsələlərdən biridir. Buna görə də aqrar sahədə məşğulluğun stimullaşdırılması, məhsuldarlığın yüksəldilməsi və ixracyönümlü məhsul istehsalının artırılması məqsədilə Prezident İlham Əliyev tərəfindən bir sıra mühüm sənədlər imzalanıb, tapşırıqlar verilib.

Aqrar Universitetdə təşkil olunan məzun yarmarkasına müxtəlif holdinq, şirkət, müəssisə və təsərrüfatların təmsilçiləri tərəfindən marağın artdığını deyən Namiq Məmmədov bildirib ki, bu, həm də universitetin məzunlarının əmək bazarında bilik və bacarıqlarının yüksək qiymətləndirilməsi ilə bağlıdır. Məhz bunun nəticəsidir ki, hər il Aqrar Universiteti bitirən yüzlərlə məzun əmək bazarındakı kəskin rəqabətə baxmayaraq, özlərinə uyğun iş yerləri ilə təmin olunurlar.

Daha sonra yarmarka açıq elan edilib və iştirakçılar bir sıra holdinq, şirkət, müəssisə və təsərrüfatların məhsulları, eləcə də vakant iş yerləri ilə tanış olublar.

Yarmarkada “Grand Motors”, “Azərsun Holdinq”, “Gilan Holdinq”, “Nurgün Aqro” MMC, “Vətən AZ”, “AzRus Dostluq”, “Hacıqabul Quşçuluq”, “Şəmkir Aqropark” və digər iri şirkətlər, banklar, bank olmayan kredit təşkilatları və səhmdar cəmiyyətlər gələcəyin aqrar mütəxəssislərinə öz məhsullarını və vakant iş yerlərini təklif ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.