DÜNYA
Məzuniyyət dövründə alman dilini öyrənmək olar
Berlin, 22 iyul, AZƏRTAC
Dünyada alman dilini öyrədən ingilisdilli saytlar populyarlıq qazanır. Xüsusilə məzuniyyət dövründə bekarçılıqdan bu saytlara giriş çoxalır. Həmin saytların çoxunun smartfonlarda əlavəsi var.
“Days of Deutsch” ingilisdilli portaldır. Bu portalda parlaq və şıq şəkillər vasitəsilə söz ehtiyatını zənginləşdirmək olar. Saytın tərtibatı xoşagələndir və əgər vizualsınızsa, yəni informasiyanı əyani daha yaxşı dərk edirsinizsə, onda bu variant sizin üçün məqbuldur. Əsas səhifədə yazılıb: “Alman dilini sözbəsöz, şəkilbəşəkil öyrənirik. Onlardan bəzisi lazımlı, bəzisi tamamilə faydasızdır”. İstənilən halda gözəl fotolara baxmaqla vaxtını xoş keçirməyə zəmanət verilir. “Days of Deutsch” “Instagram”da da var.
Alman dilini öyrənmək üçün daha bir ingilisdilli resurs “Hack your German”dır. Burada almanların gündəlik danışıqda istifadə etdiyi cümlə və sözlər rəngli şəkillərlə əks olunan məzəli personajlar vasitəsilə öyrədilir. Bu resursa “Instagram”dakı səhifə ilə yanaşı, “Facebook”la da daxil olmaq olar.
Komikslərin yer aldığı “NichtLustig” portalı alman dilini müəyyən qədər bilən adamlar üçün nəzərdə tutulub. Cizgi filmi rəsmləri, yaddaqalan personajlar və özünəməxsus zarafatlarla zəngin saytın adı “Gülməli deyil” kimi tərcümə olunur. Odur ki, qara yumora meyilli deyilsinizsə, özünüz üçün başqa bir sayt tapın.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin