İQTİSADİYYAT


Məzuniyyət mövsümü maliyyə kiberhücumlarının riskini artırır

Bakı, 25 noyabr, AZƏRTAC

“Kaspersky Lab” şirkətinin ekspertləri 2016-cı ilin üçüncü rübü üzrə informasiya təhlükələrini təhlil edib. Araşdırmanın nəticələrinə əsasən, hesabat dövründə Azərbaycan istifadəçilərinin 25 faizi internetdə təhlükələrlə üzləşib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 7 faiz azalıb. Belə ki, ötən il Azərbaycan istifadəçilərinin 32 faizi internetdə zərərli ünsürlərə yoluxub. Yerli təhlükələr isə Azərbaycanda ənənəvi olaraq aşağı səviyyədə qalmaqdadır.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, ümumilikdə üçüncü rübdə ən geniş yayılmış təhlükələrdən biri mobil bank troyan virusları olub. “Kaspersky Lab”ın ekspertləri bildirirlər ki, bu cür göstəricilərin əsas səbəbi regionda adətən iyul, avqust və sentyabr aylarına təsadüf edən məzuniyyət mövsümüdür. Bu dövr ərzində məzuniyyətə çıxanlar tərəfindən edilən onlayn ödənişlərin sayı artır, kibercinayətkarlar isə vaxt itirmədən buna reaksiya verirlər. Cari ilin üçüncü rübünün nəticələrinə əsasən, fərdi kompüterlərə bank troyanları tərəfindən hücumların səviyyəsinə görə birinci yerdə Rusiya qərarlaşıb. “Kaspersky Security Network” bulud infrastrukturunun məlumatlarına əsasən, rusiyalı istifadəçilərin 4,2 faizi bu cür maliyyə təhlükələri ilə üzləşib. Reytinqdə yenicə yer almış Şri-Lanka isə artıq ikinci sıradadır. Bu ölkədə istifadəçilərin 3,5 faizi internet ödənişləri edərkən təhlükə ilə rastlaşır ki, onların arasında Şri-Lankaya məzuniyyət məqsədilə gələn və onlayn bankinqdən istifadə edənlər də ola bilər. Bundan başqa, siyahının ilk beşliyində turizm istiqamətləri üzrə məşhur olan Braziliya, Türkiyə və Kamboca yer alır.

Bundan başqa, şifrələyici proqramlar və maliyyə fırıldaqçıları bu gün də rusdilli internet istifadəçiləri üçün aktual təhlükə olaraq qalır. Bu zərərli proqramlar istifadəçilərin cihazlarına keçir, mühüm faylları şifrələyir və ya sadəcə ekranı bloklayıb geriyə dönüş üçün pul tələb edirlər. Bu cinayətkarlıq növü çəkilən xərclə müqayisədə sahiblərinə daha çox gəlir gətirdiyi üçün kibertəhlükələr dünyasında daha da məşhurlaşır. Belə ki, dünyada kiberhücuma məruz qalmış istifadəçilərin sayı 2,6 dəfə artıb.

2016-cı ilin üçüncü rübündə kibertəhlükələrin inkişafı haqqında daha ətraflı məlumatı “Kaspersky Lab” şirkətinin hesabatından əldə etmək olar https://securelist.ru/analysis/malware-quarterly/29523/it-threat-evolution-q3-2016/.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.