CƏMİYYƏT
Məzunların görüşündə Azərbaycan ilə Litva arasında təhsil sahəsində mövcud əməkdaşlıqdan danışılıb
Vilnüs, 16 noyabr, AZƏRTAC
Noyabrın 10-da Litva Respublikasının Hökumət evində Litvanın dövlət təqaüdü ilə təhsil almış məzunlarla görüş keçirilib.
Görüşdə Litva Baş nazirinin təhsil məsələləri üzrə müşaviri Rimantas Vaitkus, Təhsil Nazirliyinin əməkdaşları, Litva Təhsil Fondunun direktoru, səfirlər, digər dövlət rəsmiləri, universitetlərin müəllim və tələbə heyəti iştirak ediblər.
İlk dəfə olaraq keçirilən görüşün əsas məqsədi təhsildən sonra uğur qazanmış məzunların bir növ hesabatı, həmçinin hazırkı tələbələrlə təcrübənin bölüşülməsi olub. Litva hökuməti hər il Şərq Tərəfdaşlığı ölkələrinin hər birindən 3 nəfər olmaqla Litvada təhsil alan tələbələrə təqaüd ayırır.
Görüşdə çıxış edənlər arasında Litvada məzun olmuş Samir Musayev Azərbaycan-Litva arasında təhsil və humanitar sahədə əməkdaşlıqdan söz açıb, Litvaya gəldiyi ilk illərlə müqayisədə hazırda tələbələrimizin sayının 15 dəfə artdığını və bunun ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsinin göstəricisi olduğunu qeyd edib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs