SİYASƏT
Miad Xater: Ermənistan silahlı qüvvələrinin terror fəaliyyəti Azərbaycanı adekvat cavab tədbirləri görməyə məcbur edir
Əmman, 4 may, AZƏRTAC
İordaniyanın tanınmış ictimai xadimi, politoloq Miad Xater cəbhə xəttində Ermənistan silahlı qüvvələrinin son təxribatını və Azərbaycan Milli Ordusunun cavab tədbirlərini şərh edərək AZƏRTAC-ın xüsusi müxbirinə eksklüziv müsahibəsində deyib: “Azərbaycanın güclü Milli Ordusu, şübhəsiz, Ermənistan silahlı qüvvələrinə lazımi cavab vermək iqtidarındadır və bu gün Azərbaycanın peşəkar hazırlıqlı, müasir silahla yaxşı təchiz olunmuş ordusu var. Bununla belə, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə nizamlanmasının tərəfdarıdır, özü də Azərbaycan təkcə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ deyil, həm də dünyada mövcud olan bütün münaqişələrin sülh yolu ilə həll olunmasına tərəfdardır. Azərbaycan Prezidentinin bu mövqeyi bütün dünyada yüksək qiymətləndirilir”.
Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri peşəkarlıq və yüksək döyüş ruhu nümayiş etdirib, işğal edilmiş ərazilərdən bir neçə strateji yüksəklik və yaşayış məntəqəsini geri qaytara bilib. Miad Xater deyib: “Bu təbiidir, çünki son illər Prezident İlham Əliyev başda olmaqla Azərbaycan dövlətinin siyasəti ölkənin bütün sahələrdə inkişafına yönəlib və Azərbaycan qısa müddətdə çox böyük uğurlar qazanıb. Bu isə ancaq güclü iradə və qarşıya qoyulan məqsədləri həyata keçirmək üçün var qüvvə ilə çalışmaq bacarığı sayəsində mümkündür. Bu baxımdan ölkənin Silahlı Qüvvələrinin müdafiə qabiliyyətinin yüksəlməsinə, möhkəmlənməsinə və onun yeni silahlarla təchiz olunmasına xüsusi diqqət ayrılıb”.
Miad Xater xüsusilə vurğulayıb ki, İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq bazara çıxıb, irimiqyaslı iqtisadi islahatlar həyata keçirilib, ölkəyə xarici investisiyaları cəlb edən əlverişli investisiya mühiti yaradılıb, ölkə irəliyə sürətli sıçrayış edib. Politoloq deyib: “Bu gün Bakı dünyanın çiçəklənən və gözəl paytaxtlarından birinə çevrilib, Azərbaycan dinamik inkişaf edən mütərəqqi ölkə kimi tanınır və regionun lider dövlətidir. Sözsüz ki, Azərbaycan Prezidentinin münaqişənin sülh yolu ilə nizamlanmasına və Azərbaycan xalqının rifahı naminə ölkənin bütün istiqamətlərdə inkişafına yönələn düşünülmüş və müdrik siyasəti sabitliyin, ölkənin qüdrətinin artmasının, habelə dövlətin beynəlxalq arenada nüfuz qazanmasının əsas faktorudur”.
İordaniya politoloqu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq vurğulayıb ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarının 20 faizini işğal edib və uzun illər boyu Azərbaycana qarşı təcavüzkar siyasət yürüdüb, bu münaqişə ərzində Azərbaycan xalqına qarşı çoxlu cinayətlər törədilib, azərbaycanlılar etnik zəmində məhv ediliblər, Xocalı soyqırımı törədilib, dinc sakinlər öz tarixi torpaqlarından zor gücü ilə çıxarılıblar. Ermənistan tərəfindən daim təxribatlar, terror aktları Azərbaycanı adekvat cavab tədbirləri görməyə məcbur edir.
Miad Xater Ermənistanın beynəlxalq hüquqa məhəl qoymaması məsələsini şərh edərək bildirib ki, BMT TŞ tərəfindən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılması haqqında dörd qətnamə qəbul edib. M.Xater deyib: “Beynəlxalq birlik erməni təcavüzünü və Azərbaycanın ərazi bütövlüyünü pozmasını pisləyərək Azərbaycanın ədalətli mövqeyinə səs verib. Təəssüf ki, Ermənistan BMT-nin qətnamələrini yerinə yetirmir. Beynəlxalq birlik münaqişənin nizamlanması üçün ciddi tədbirlər görməli, Ermənistana təsir etməli və onu bu qətnamələri yerinə yetirməyə, öz ordusunu Azərbaycanın tarixi torpaqlarından çıxarmağa məcbur etməlidir”.
Politoloq İordaniya-Azərbaycan münasibətlərindən danışaraq ölkələrimiz arasında əsası Kral Hüseyn və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş yüksək səviyyəli münasibətləri və əməkdaşlığı qeyd edib. Bildirib ki, xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə yönələn bu kurs hazırda İordaniya Kralı II Abdullah və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O deyib: “Vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev təkcə İordaniya deyil, Yaxın Şərqin və dünyanın çox ölkəsi ilə qardaşlıq və dostluq münasibətləri qurub. İordaniya bütün beynəlxalq məkanlarda Azərbaycanın ərazi bütövlüyü və Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılması barədə ədalətli mövqeyini dəstəkləyir. Qeyd etmək lazımdır ki, İordaniya Senatı Şurası tərəfindən Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini pisləyən və zəbt edilmiş torpaqlardan erməni silahlı qüvvələrini çıxarmağa çağıran bəyanat qəbul edilib”.
İordaniya politoloqu, həmçinin deyib ki, yaxın günlərdə müstəqil Azərbaycanın memarı və qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü qeyd ediləcək. Sonda politoloq Miad Xater deyib: “Heydər Əliyev tarixi şəxsiyyət, İordaniyada və bütün dünyada böyük nüfuza malik görkəmli siyasi xadimdir. Əmmanda küçə və meydanlardan biri onun adını daşıyır. Bu, Azərbaycan xalqının rifahı naminə ölkənin inkişafına, habelə İordaniya ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verən Heydər Əliyevin nurlu xatirəsinə böyük ehtiramı bir daha təsdiqləyir. Heydər Əliyevin xatirəsi təkcə azərbaycanlıların deyil, iordaniyalıların da qəlbində yaşayacaq”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman