DÜNYA
Miçiqan ştatında 150-dən çox avtomobil toqquşub VİDEO
Vaşinqton, 10 yanvar, AZƏRTAC
Miçiqan ştatının Geylsburq şəhəri yaxınlığında 94 nömrəli avtomobil trasında 150-dən çox avtomobil toqquşub.
NBC News telekanalının verdiyi məlumata görə polis bir nəfərin ölməsi faktını təsdiq edib. Hüquq-mühafizə orqanları bildirirlər ki, toqquşan avtomobillərdən 65 yük semitreyleri və 50 minik avtomobil qərb istiqamətində, daha 48 maşın isə şərq istiqamətində hərəkət edirdi. Qarışqa turşusu və pirotexnika məhsulları daşıyan iki yük treyleri alovlanıb, nəticədə toqquşan avtomobillərin çoxu yanıb. Öz maşınlarını tərk edən sürücü və sərnişinlərin çoxu yerli xəstəxanalara çatdırılıb.
Avtomobillərin toqquşmasından zərər çəkməyən sürücülər müvəqqəti olaraq yaxınlıqdakı məktəbə çatdırılıblar. Ştat polisi 3 mil radiusda avtomobil magistralında gəliş-gedişi bağlayıb.
Polisin məlumatına görə bu hadisəyə səbəb hava şəraitinin pisləşməsi və yolların buz bağlaması olub.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton