İQTİSADİYYAT
“Microsoft Imagine Cup 2017”nin qalibi Neftçi” komandası olub
Bakı, 3 may, AZƏRTAC
Azərbaycan Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Yüksək Texnologiya Parkı” və “Youth Inc.” gənclərin sahibkarlıq proqramının dəstəyi ilə “Microsoft Azerbaijan” və “Nar” tərəfindən təşkil olunmuş “Microsoft Imagine Cup 2017” müsabiqəsinin Milli Finalının qalibləri müəyyənləşib. Layihələrin təqdimatı və müdafiəsinin nəticələrinə əsasən, münsiflər heyəti bu ilin may ayında Kiyevdə keçiriləcək müsabiqənin beynəlxalq mərhələsində Azərbaycanı təmsil edəcək.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, “Neftçi” komandası müsabiqənin qalibi olub və Kiyevdə keçiriləcək növbəti mərhələyə vəsiqə qazanıb. Bu mərhələdə komanda müsabiqənin əsas mükafatı – layihələrin inkişafı üçün 100 000 min ABŞ dolları uğrunda mübarizə aparmaq şansı əldə edə biləcək.
Müsabiqədə iştirak etmək üçün gənc proqramçılar və developerlər “Microsoft” platforması üzərində innovativ proqram layihəsi, “Microsoft” texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini və ya istənilən “Microsoft Windows” platformaları üzərində orijinal oyun hazırlamaq lazım idi.
Müsabiqənin yekunlarına əsasən, “Neftçi” komandası qalib elan olunub. Komandanın tərkibinə daxil olan Kərim Kərimov, Lalə Məmmədova, Şamil Ömərov (hər üçü Bakı Ali Neft Məktəbinin tələbəsi) və Səbuhi Talıbov (Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi) “Windows Azure” üzərində “Jabda” adlı əlavə hazırlayıblar ki, bu həll vasitəsilə istifadəçilər kafe və restoranlarda xoşladığı musiqini seçə biləcəklər. İstənilən musiqi janrın seçimi eyni vaxtda bir məkanda olan istifadəçilər tərəfindən əlavənin təklif etdiyi xüsusi xəritə ilə səsvermə vasitəsilə müəyyənləşəcək. İstifadəçilər üçün sözügedən əlavə pulsuz, kafe və restoran sahibləri üçün isə ödənişli olacaq.
Qeyd edək ki, builki müsabiqədə iştirak edən 27 komandadan 10-u milli seçim turunu və uğurla keçib və Milli Finala vəsiqə qazanıb. Ümumdünya finalında olduğu kimi milli finalda da müsabiqədə iştirak edən ali və peşə təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar öz aralarında yarışıblar. Finalda bir komanda qalib adına layiq görülüb, üç komanda isə mükafatçılar sırasında yer alıb. Qalib komanda Kiyevdə müsabiqənin beynəlxalq yarımfinalında və bu mərhələdə uğur qazanacağı təqdirdə Azərbaycanı bu ilin iyul ayında Sietlda (ABŞ) keçiriləcək finalda təmsil etməyə şans qazanacaq. Milli Finalda ikinci və üçüncü yerləri tutan komandalara qiymətli hədiyyələr təqdim olunub.