ELM VƏ TƏHSİL
“Microsoft” korporasiyası “Windows 10” üçün iki yenilənmə hazırlayır
Bakı, 12 avqust, AZƏRTAC
“Windows Central” resursunun yaydığı məlumata görə, “Windows 10” əməliyyat sistemi 2017-ci ildə iki mühüm yenilənmə əldə edəcək. “Redstone 2” və “Redstone 3” adlarını daşıyacaq bu yenilənmələr müvafiq olaraq gələn ilin əvvəlində və ortasında işə salınacaq. “Microsoft” korporasiyası hazırda “Redstone 2”ni sınaqdan keçirir. Bu, çox tezliklə “Windows Insider” proqramının iştirakçıları üçün əlçatan olacaq.
AZƏRTAC “planet-today.ru” saytına istinadla xəbər verir ki, “Windows 10” özünün “software” bazarında mövcudluğunun birinci ilini 2016-cı il iyulun 29-da qeyd edib. “Microsoft” xəbərdarlıq etdiyi kimi, həmin vaxt “Windows” 7, 8 və 8.1 lisenziya sisteminin istifadəçilərinə tam ödənişsiz olaraq “Windows 10”a keçməyə imkan verən aksiya dayandırılıb.
“Anniversary Update” adını almış ilk nəhəng “Windows 10” apdeyti avqustun 2-dən işə salınıb. Tətbiq edilən yeniliyin sırasında əməliyyat sisteminin sabitliyinin artması, yeni start menyusu, yenilənmiş “Cortana” assistenti, biometrik autentifikasiya funksiyaları, habelə “Xbox One” ilə təkmilləşdirilmiş inteqrasiya daxildir.