DÜNYA
Microsoft korporasiyasının banisi Bill Geyts dünyanın ən varlı adamı olaraq qalır
Bakı, 3 mart, AZƏRTAC
Forbes nəşri özünün hər il hazırladığı dünyanın ən varlı adamlarının siyahısını dərc edib. Microsoft korporasiyasının banisi Bill Geyts yenə də bu reytinqdə başçılıq edir.
AZƏRTAC Vestifinance.ru saytına istinadla xəbər verir ki, Forbes nəşrinin hazırladığı siyahıda əsasən texnologiyalar sahəsinin maqnatları yer alıb.
Hazırda varidatı 79,2 milyard dollar həcmində qiymətləndirilən Microsoft korporasiyasının banisi Bill Geyts 2014-cü ildə hesabına daha 3,2 milyard dollar əlavə edə bilib. O, kompaniyadakı işini buraxaraq öz fondu çərçivəsində xeyriyyəçiliklə məşğul olur. Bill Geyts Forbes reytinqindəki mövqeyini 2014-cü ildə də qoruyub.
Siyahıda ikinci yeri tutan meksikalı Karlos Slim Elu 77,1 milyard dollarlıq varidata sahibdir. O, ötən il sərvətini 5,1 milyard dollar artıra bilib. Karlos Slimin atası ayaqqabı təmiri ilə ailəsini dolandıran Livan mühaciri olub. Öz imperiyasını faktiki olaraq sıfırdan quran Slimin dostları onun ucuz kostyum geyindiyini və kompüterlə işləməyi sevmədiyini deyirlər.
2014-cü ildə 14,5 milyard dollar qazanan Berkshire Hathaway Holdinqin direktoru və əsas aksioneri Uorren Baffett varidatını 72,7 milyard dollara çatdıraraq reytinq siyahısında bir pillə irəliləyib və üçüncü yerə yüksəlib.
Forbes reytinqində bir pillə geriləyərək dördüncü yerə enən, sıralarında məşhur “Zara” brendinin də olduğu geyim mağazaları şəbəkəsinin sahibi, İspaniyanın Inditex kompaniyasının direktorlar şurasının keçmiş sədri Amansio Orteqa Qaona 2014-cü ildə cəmi 0,5 milyard dollar qazana bilib. Hazırda onun varidatı 64,5 milyard dollar həcmində qiymətləndirilir.
Dünyanın ən varlı adamları siyahısında beşinci olan Oracle korporasiyasının banisi Larri Ellison keçən il hesabına daha 6,3 milyard dollar əlavə edib. Hazırda varidatı 54,3 milyard dollara qədər qiymətləndirilən sahibkar vaxtilə hətta kollecdəki təhsilini belə başa vura bilməmişdi. 1990-cı ildə Harvard biznes məktəbi onu ilin ən uğurlu sahibkarı adlandırmışdı.
Siyahıda sonrakı beş yeri isə Koch Industries korporasiyasının sahibləri Devid və Çarlz Kox qardaşları (hər biri 42,9 milyard dollar), Wal-Mart mağazalar şəbəkəsinin şəriki Kristi Uolton (41,7 milyard dollar), Wal-Mart mağazalar şəbəkəsinin daha bir şəriki, eyni zamanda “Arvest Bank”ın baş direktoru və direktorlar şurasının sədri Cim Uolton (40,6 milyard dollar) və dünya parfümeriya və kosmetika bazarının lideri L'Oreal kompaniyasının varisi Lilian Bettankur və onun ailəsi (40,1 milyard dollar) tutur.
Maraqlıdır ki, keçən il Ukrayna prezidenti seçilən Petr Poroşenko bu dəfə Forbes nəşrinin dərc etdiyi siyahıya düşə bilməyib. Dünyada ən iri qənnadı istehsalçılarından biri olan Roshen korporasiyasının banisinin varidatı hazırda 1,3 milyard dollar təşkil edir.