DÜNYA
“Microsoft şirkəti “Flash” texnologiyasından imtina edib
Bakı, 17 dekabr, AZƏRTAC
İnternetdə video və reklamın göstərilməsində istifadə edilən “Adobe Flash” texnologiyası tədricən ləğv edilir. Əvvəlcə “Google”, indi isə “Microsoft” şirkəti həmin texnologiyadan imtina edib.
AZƏRTAC “dailycomm.ru” saytına istinadən xəbər verir ki, “Microsoft”un bloqunda deyilir ki, 2017-ci ildə çıxarılacaq “Windows 10 Creator's Update” yenilənməsi zamanı “Edge” brauzerinin versiyası başlanğıc ayar kimi “Flash” texnologiyası əsasında yaradılmış məzmunu bloklayacaq.
Veb-səhifə “HTML5” texnologiyasını dəstəklədiyi halda “Microsoft Edge” brauzeri “Flash” texnologiyasını yükləməyəcək. Əks təqdirdə brauzer “Flash” texnologiyasından istifadə barədə soruşacaq və “Flash”in daimi və ya birdəfəlik işə salınmasını seçmək mümkün olacaq.
2016-cı ilin mayında “Google” şirkəti “Chrome” brauzerində “Flash” məzmunun avtomatik göstərilməsini dayandırıb. Yalnız “YouTube”, “Facebook”, “Twitch” və “Amazon” kimi bir neçə xidmət üçün istisna edilib.