ELM VƏ TƏHSİL
Mikayıl Cabbarov: Ali məktəblərdə təhsil alan tələbələrin sayı getdikcə artacaq
Bakı, 8 fevral, İbrahim Əsədov, AZƏRTAC
Ali məktəblərdə təhsil alan tələbələrin sayı getdikcə artacaq.
Bu barədə AZƏRTAC-a təhsil naziri Mikayıl Cabbarov məlumat verib. Nazir qeyd edib ki, dünyada ali təhsil almağa maraq göstərən gənclərin sayı getdikcə artır, bu proses bizim ölkəmizdə də baş verir.
M.Cabbarov deyib ki, Təhsil Nazirliyi ali məktəblərin müraciətinə əsasən bu il hökumətə ali təhsil sistemində hazırlıq ilinin tətbiqi şərti ilə ali təhsil müəssisələrinə qəbulun artırılmasına dair təkliflər təqdim edib. Hazırda hökumət tərəfindən bu məsələyə baxılır. Bu məsələ ilə bağlı müvafiq qərar qəbul olunduqdan sonra bizim ölkəmizdə də tələbələrin sayı artacaq.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq həyata keçirilən tədbirlərdən bəhs edən nazir “Maarifçi” Tələbə Kredit Fondunun fəaliyyətinin, tələbə kreditlərinin verilməsinin əhəmiyyətini vurğulayıb.