MƏDƏNİYYƏT


Mikayıl Müşfiqin abidəsi ziyarət olunub

Bakı, 5 iyun, AZƏRTAC

İyunun 5-də görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin doğum gündür.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin sədri Elbay Qasımzadə, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev şairin abidəsini ziyarət etdilər.

Tədbir iştirakçıları Mikayıl Müşfiqin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, xatirəsini hörmətlə anıblar.

Bakı şəhərinin Yasamal rayonu ərazisində İnşaatçılar və Nərimanov prospektlərinin kəsişməsində (Statistika dairəsi) aparılan yenidənqurma və yol təmir-tikinti işləri ilə bağlı görkəmli şair Mikayıl Müşfiqin abidəsinin yerləşdiyi parkda da yenidənqurma işləri həyata keçirilib. Şairin heykəlinin ucaldıldığı parkda aparılan abadlıq işlərindən sonra yenidən insanların istifadəsinə verilib.

Mətbuata açıqlama verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bir neçə ay öncə aparılan yenidənqurma və yol təmir-tikinti işləri ilə bağlı görkəmli şair Mikayıl Müşfiqin abidəsi aidiyyəti qurumlara bildirilmədən götürülmüşdü. Ölkə ictimaiyyətinin narazılığına səbəb olan bu məsələnin hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aidiyyəti orqanlara dərhal tapşırıq verildi və abidənin öz yerinə bərpa olunması üçün müvafiq işlər həyata keçirildi: “Bu gün Mikayıl Müşfiqin adını daşıyan park aparılan abadlıq, quruculuq işlərindən sonra yenidən Bakı sakinlərinin istifadəsinə verilib. Abidənin bərpa olunması ölkəmizin şəhərsalma və memarlıq üslubuna uyğun qurulub. Gördüyünüz kimi heykəl yenidən həmin ərazidə, əvvəlki görkəminə heç bir xələl gəlmədən qurulub. Həmçinin gözəl park salınıb, insanların istirahəti üçün şərait yaradılıb”.

Əbülfəs Qarayev vurğulayıb ki, Azərbaycan xalqı həmişə ədəbiyyata, sözə böyük dəyər verib. Mikayıl Müşfiq də ölkəmizdə sevilən şairlərdən biridir: “Mikayıl Müşfiq adı Azərbaycan ədəbiyyatına həkk olunmuş böyük şəxsiyyətlərdən biridir. Yaradıcılığının çiçəklənən dövründə repressiyaya məruz qalan Mikayıl Müşfiq çox qısa ömür yaşadı. Amma buna baxmayaraq onun əsərləri həmişə dillər əzbəri olub. Onun “Yenə o bağ olaydı”, “Oxu, tar” və bir sıra başqa əsərləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır”.

Nazir vurğulayıb ki, hazırda Xızı rayonunda şairin adını daşıyan muzey fəaliyyət göstərir. Muzey Xızı sakinləri və rayona gələn qonaqların diqqət mərkəzindədir. “Mikayıl Müşfiqin xatirəsi hər zaman əziz tutulur. Mütəmadi olaraq şairin yaradıcılıq gecələri və tədbirlər keçirilir. Ölkə başçısının sərəncamı ilə Mikayıl Müşfiqin də əsərləri yenidən çap olunaraq bütün kitabxanalara paylanılıb. Bu sahədə görülən işlər davam etdirilir”, - deyə nazir bildirib.

Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin sədri Elbay Qasımzadə Mikayıl Müşfiqin abidəsinin qısa zamanda bərpa olunmasını ölkəmizdə mədəniyyətə, ədəbiyyata verilən dəyər kimi qiymətləndirib. Deyib ki, ərazidə yaşıllaşdırma və abadlıq işləri də yüksək səviyyədə aparılıb.

Xatırladaq ki, Mikayıl Müşfiqin 1970-ci ildə hazırlanan heykəlinin müəllifi Əməkdar Rəssam Münəvvər Rzayevadır. Abidənin yenidən bərpa olunmasında memarlar Maqsud Məmmədov, Kamal İbrahimov və Cahid Əlizadə iştirak ediblər. Park ərazisində fəaliyyət göstərən restorana da yeni ad - “Oxu, tar” adı verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.