MƏDƏNİYYƏT
“Milan Expo 2015” beynəlxalq sərgisində Azərbaycan pavilyonunun tikintisinə başlanılmışdır VİDEO
Bakı, 4 iyul (AZƏRTAC). 2015-ci il mayın 1-dən oktyabrın 31-dək keçiriləcək “Milan Expo 2015” beynəlxalq sərgisində iştirak edəcək Azərbaycanın milli pavilyonunun təməli qoyulmuş və ərazidə tikinti işlərinə başlanılmışdır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan “Planeti qidalandırmaq, həyat üçün enerji” adlı sərgidə ölkənin tarixi və mədəni irsini, zəngin ekoloji, enerji potensialını və nadir biomüxtəlifliyini tərənnüm edən xüsusi pavilyonla təmsil olunacaqdır.
Azərbaycanın bu sərgidə iştirakı üzrə təşkilatçı tərəfdaş olan Heydər Əliyev Mərkəzi hazırda milli pavilyonun dizaynı və məzmun konsepsiyası üzrə işlər aparır.
Qeyd edək ki, 1,7 milyon kvadratmetr ərazidə təşkil olunacaq “Milan Expo 2015” sərgisində 142 ölkə iştirak edir. Hazırlıq və təməlqoyma işlərinin yekunlaşmasına görə Azərbaycan bu ölkələr arasında ilk onluqdadır. Otuz milyonadək ziyarətçinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan sərgidə məqsəd sağlam həyat və ekologiyaya, təhlükəsiz və sağlam qidalanmaya diqqəti cəlb etməkdir.
“Milan Expo 2015” sərgisi Azərbaycan tarixinin, mədəni irsinin dünyada tanıdılması və ölkənin iqtisadi-mədəni potensialının təqdimatı baxımından əhəmiyyət kəsb edir. Bu layihə həm də Azərbaycanı sağlam həyat mənbəyi olan ölkə kimi tanıdan özəlliklərin, həyata keçirilmiş ekoloji layihələrin bir daha təqdim olunmasına imkan verəcəkdir.