REGİONLAR
“Milan Expo-2015” sərgisi Azərbaycan ilə İtaliya arasında aqrar sahədə əlaqələrin inkişafına töhfə verəcək
Bakı, 11 mart, AZƏRTAC
Kənd təsərrüfatı naziri Heydər Əsədov martın 11-də Azərbaycanda səfərdə olan Beynəlxalq “Milan Expo-2015” sərgisinin İtaliya pavilyonunun nümayəndələri ilə görüşüb.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildiriblər.
Nazir Heydər Əsədov görüşdə Azərbaycanın tarixən aqrar ölkə olduğunu, iqtisadiyyatımızın yüksək templə inkişaf etdiyini, ölkə rəhbərliyinin aqrar sektora böyük önəm verdiyini qonaqların diqqətinə çatdırıb.
Azərbaycanda qeyri-neft sektorunda kənd təsərrüfatının prioritet sahə olduğunu vurğulayan nazir, 2014-cü ildə ümumi daxili məhsulda kənd təsərrüfatının payının 5 faizə çatdığını, ölkə əhalisinin 37 faizinin bu sahə ilə məşğul olduğunu bildirib. Qeyd olunub ki, qarşıda duran əsas vəzifə əhalinin daxili istehsal hesabına ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi və ixrac potensialının artırılmasından ibarətdir.
Nazir Prezident İlham Əliyev tərəfindən 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunmasını ölkə rəhbərliyinin aqrar sahəyə verdiyi diqqət və qayğının təzahürü kimi qiymətləndirib.
İtaliyanın “Milan Expo-2015” pavilyonunun nümayəndələri sərginin məqsədinin sağlam həyat və ekologiyaya, təhlükəsiz və sağlam qidalanmaya diqqət çəkməkdən ibarət olduğunu qeyd ediblər. Azərbaycan ilə İtaliya arasında əlaqələrdən danışan qonaqlar bu əməkdaşlığın qədim tarixə malik olduğunu bildirib, Azərbaycanda istehsal olunmuş kənd təsərrüfatı məhsulları və eksponatlar üçün pavilyonda xüsusi yer ayrıldığını, sərginin ölkələrimiz arasında aqrar sahədə əlaqələrin daha da inkişafına töhfə verəcəyini vurğulayıblar.
Görüşdə pavilyon barədə geniş məlumat verilib, təşkilati məsələlər müzakirə olunub.