MƏDƏNİYYƏT
Milli Arxiv İdarəsi seminar-məşğələlərini regionlarda davam etdirir
Bakı, 5 iyun, AZƏRTAC
Milli Arxiv İdarəsi cari ildə Respublika dövlət arxivlərinin rəhbərlərinin və əməkdaşlarının peşə biliklərinin, ixtisaslarının, o cümlədən, nəzəri və praktiki bacarıqlarının artırılması məqsədilə yerlərdə seminar-məşğələlərin keçirilməsini davam etdirir.
İdarədən AZƏRTAC-a bildirilib ki, növbəti seminar Dövlət Arxivinin Füzuli filialında baş tutub. Seminarda sözügedən filialın əməkdaşları ilə yanaşı, filiala tabe olan Beyləqan, Xocavənd və Cəbrayıl rayon dövlət arxivlərinin rəhbərləri iştirak ediblər.
Seminarlarda arxiv işinin bütün sahələrini əhatə edən mövzular üzrə arxivlərdə sənədlərin mühafizəsinin təmin edilməsi, milli arxiv fondunun komplektləşdirilməsi, sənədlərin dəyərinin ekspertizası, idarə arxivlərinin işinə nəzarət, habelə sənədlərin istifadəsi və milli arxiv fondunun elektron daşıyıcılara köçürülməsi, eyni zamanda, dövlət arxivlərində elektron xidmətlərin təşkili üzrə çıxışların və müzakirələrin aparılması nəzərdə tutulub.
Seminar məşğələlər Milli Arxiv İdarəsinin əməkdaşları - Natiq Eminov, Həbib Həsənov və Cəmaləddin Cavadov tərəfindən aparılıb.
Seminarın sonunda rayon arxivlərinin əməkdaşlarını maraqlandıran məsələlər barədə geniş müzakirələr aparılıb, idarənin əməkdaşları tərəfindən müvafiq tövsiyələr, iş prosesində istifadə edilən metodiki vəsaitlər əməkdaşlara təqdim edilib.