ELM VƏ TƏHSİL
Milli Aviasiya Akademiyasında məzun günü VİDEO
Bakı, 25 may, Laçın Sultanova, AZƏRTAC
Mayın 25-də Milli Aviasiya Akademiyasında iqtisadiyyat və hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə 1332a qrupunun buraxılışına həsr olunmuş məzun günü keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Aviasiya Akademiyasının rəhbərliyi və məzunlar ulu öndər Heydər Əliyevin ali məktəbin həyətində ucaldılmış büstü önünə əklil qoyublar.
Tədbir 1332a qrup tələbələrinin dörd il ərzində tədris, elmi, sosial və ictimai fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
Akademiyanın prorektoru Şəmsəddin Axundov məzunlar qarşısında çıxış edərkən öz tələbəlik illərini xatırlayıb. Məzunlara təhsil aldıqları ali məktəblə hər zaman əlaqə saxlamağı tövsiyə edən prorektor Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin adından onları təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Hüquqşünaslıq kafedrasinin müdiri İbrahim Quliyev, fakültənin dosenti Nazim Nağıyev hüquqşünas peşəsinin gərəkli, çətin və şərəfli peşə olduğunu qeyd ediblər. Çıxış edənlər hüquqşünasların cəmiyyətin idarə olunmasında rolundan danışaraq, öz yetirmələrini hüquqi və demokratik dövlətimizin daha da möhkəmlənməsində aktiv iştirak etməyə, cəmiyyət həyatını nizamlayan bacarıqlı mütəxəssis, ədalət carçısı olmağa çağırıblar.
Tədbirdə iştirak edən xalq şairi Nəriman Həsənzadə, Milli Elmlər Akademiyasının müxbir üzvü Fəridə Məmmədova və başqaları məzunlara təbriklərini çatdırıb, onların Azərbaycan dövlətinə sədaqət və vicdanla xidmət etmələrini, həyat imtahanından hər zaman uğurla çıxmalarını arzulayıblar.
Məzun günündə 1332a qrup tələbələrinin andiçmə və mükafatlandırılma mərasimləri də keçirilib.