ELM VƏ TƏHSİL
Milli Aviasiya Akademiyasında yüksək dəqiqliyə malik multikopterlər hazırlanır VİDEO
Bakı, 27 dekabr, Ceyhun Rüstəmov, AZƏRTAC
Müasir dövrdə bütün dünyada, o cümlədən Azərbaycanda multikopterlərə böyük maraq var. Milli Aviasiya Akademiyasının tələbələrinin düzəltdikləri multikopterlər xaricdə istehsal olunan analoji qurğulardan heç də geri qalmır. Belə qurğulardan biri Akademiyanın Mülki Aviasiya Muzeyində açılan “Böyük aviasiyanın başlanğıcı - aviamodelçilik” adlı sərgidə nümayiş etdirilib.
Milli Aviasiya Akademiyasının Aviasiya elektronikası şöbəsinin rəisi, texnika elmləri doktoru, professor Rasim Nəbiyev AZƏRTAC-a müsahibəsində 5 ildir ki, bu cür qurğuların hazırlanması ilə məşğul olduqlarını bildirib. Multikopterlərin üstünlükləri barədə məlumat verən Rasim Nəbiyev qeyd edib ki, bu tip qurğular istənilən sahədə, xüsusən də kənd təsərrüfatında, eləcə də qəza-xilasetmə işlərindən tutmuş, döyüş əməliyyatlarının aparılmasınadək bütün sahələrdə tətbiq olunur. Çalışırıq ki, tələbələrimizlə birgə müasir texniki vasitələrdən istifadə etməklə daha təkmil multikopterlər hazırlayaq.
Sərgidə nümayiş etdirilən multikopterin parametrləri barədə məlumat verən R.Nəbiyev deyib ki, bu qurğu 10 kilometrədək məsafəyə uça, 2,5 kilometrədək hündürlüyə qalxa, yüksək keyfiyyətli videoçəkilişlər apara bilir: “Multikopter üç yolla idarə olunur. Bunlardan birində radiomodemdən istifadə edilir. Belə ki, radiomodem ilə multikopter arasında əlaqə yaradılır. Bu idarəetmə gözlə görünən məsafədə daha effektlidir. İkincisi, eynək formasında olan rəqəmsal rabitə vasitəsilə multikopterə məlumat (data-link) ötürülür. Burada təsvir bir başa yerə göndərildiyindən idarəedici sanki qurğu vasitəsilə ətrafı görür. Bu idarəetmədən adətən uzaq məsafəyə uçuş zamanı istifadə olunur. Digər variantda isə xəritə üzrə uçuş xətti proqramlaşdırılır və yaddaşa köçürülür. Multikopter hava qalxdıqdan sonra koordinatlar əsasında hərəkət edir, yerə videoçəkilişlər göndərir. Sonda isə qurğu özü uçuşun başlandığı nöqtəyə qayıdır”.
Uçuşun dəqiqliyinə gəldikdə, bu, 1,5 metr radiusu əhatə edir. “Əslində hazırkı GPS sisteminin imkanları bundan artıq nəticə əldə etməyə imkan vermir. Sistemlər təkmilləşdikcə dəqiqlik də artırılacaq. Hazırda bununla bağlı danışıqlar aparılır. İstəyirik ki, bu sahə üzrə ixtisaslaşan “LEİCA” şirkətinin koordinat sisteminə qoşulaq. Əgər bu reallaşarsa, multikopterin idarəolunma dəqiqliyi 20-50 santimetrdən çox olmayacaq. Yəni multikopter yüksək dəqiqliklə istənilən nöqtəyə enə biləcək”, - deyə Rasim Nəbiyev vurğulayıb.