İQTİSADİYYAT
Milli Aviasiya Akademiyasının “NaaSat” komandası model peyki səmaya buraxmaq hüququ qazanıb
Bakı, 14 iyun, AZƏRTAC
Milli Aviasiya Akademiyasının nəzdində yaradılan “NaaSat” model peyk komandası Beynəlxalq “CanSat” (Model Peyk) müsabiqəsində növbəti dəfə iştirak edib. Komandanın hazırladığı model peyk ABŞ, Kanada, Hindistan, İran, İtaliya, Meksika, Polşa, Nepal və Türkiyənin qabaqcıl universitetlərinin qatıldığı 87 komanda arasından seçilərək müsabiqənin son mərhələsinə vəsiqə qazanıb. “NaaSAT” komandası peyk modellərinin ilkin (PDR-Preliminary Design Review) və son dizayn baxışı (CDR-Critical Design Review) mərhələlərindən müvəffəqiyyətlə keçib. İlk ən yüksək nəticə göstərən 40 komandası sırasına düşən “NaaSat” komandası finalda model peyki səmaya buraxmaq hüququ qazanıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, komanda 2017-ci il iyunun 11-də ABŞ-ın Texas ştatında keçirilən, müsabiqənin növbəti turu olan uçuş mərhələsində iştirak edib. Bu mərhələdə peyk modeli səmaya buraxılıb və proqramda nəzərdə tutulduğu kimi uğurlu siqnal – telemetriya qəbul edilib. Ölkəmizin ikinci dəfə bu müsabiqədə təmsil olunmasına baxmayaraq, “NaaSAT” komandası, hətta ABŞ, İtaliya, Nepal, Hindistan və Kanadanın bir sıra universitetlərinin təcrübəli komandalarını, həmçinin Polşanın ötənilki qalib komandasını geridə qoyaraq yarışmada 13-cü yerə layiq görülüb.
Beləliklə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərkosmos” ASC-nin dəstəyi ilə Milli Aviasiya Akademiyasının tələbələrinin reallaşdırdığı növbəti model peyk layihəsi uğurla sona çatıb. Bu da öz növbəsində, “Azərkosmos” və Milli Aviasiya Akademiyası timsalında elm-təhsil müəssisəsinin kommersiya müəssisəsi ilə uğurlu əməkdaşlığının bariz nümunəsi olub.
Qeyd edək ki, model peykin ölkəmizdə istehsalı və yarışmaya qatılması son illərdə Azərbaycanda sürətlə formalaşan qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan kosmik sənayenin uğurlu layihələrindəndir. “CanSat” layihəsində iştirak etmək gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən ölkəmizdə hazırlanması üçün əhəmiyyətli təcrübəni daha da təkmilləşdirəcək.