SİYASƏT


Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Dövlət Müstəqilliyi Gününə həsr olunan elmi sessiya keçirilib

A+ A

Bakı, 18 oktyabr, Günel Məlikova, AZƏRTAC

Oktyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində respublikamızın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunan “Müstəqillik illərində Azərbaycan mədəniyyətinin tədqiqi, təbliği, təqdimi, qorunması və beynəlxalq əlaqələrinin inkişafı” mövzusunda elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edən, muzeyin direktoru, akademik Rafael Hüseynov müstəqilliyin bərpasından sonra Azərbaycanın keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan danışıb. Bildirilib ki, bu gün Azərbaycan dünya dövlətləri sırasında özünə layiqli yer tutub. Bu inkişaf və tərəqqi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Müstəqillik Gününün bəhrələridir.

Akademik R.Hüseynov müstəqilliyin ilk illərində Azərbaycanın dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasəti ilə üzləşdiyini xatırladıb. Qeyd edilib ki, xalqımızın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkəmiz məhvolma təhlükəsindən, vətəndaş müharibəsindən xilas edilib. Həmçinin ictimai-siyasi sabitlik bərqərar olub və bütün sahələrdə uğurlu islahatların başlanmasına zəmin yaradılıb.

Bildirilib ki, müstəqillik illərində Azərbaycanda yeni gənc nəsil formalaşıb. Bu nəsil müstəqil Azərbaycanın dəyərləri əsasında formalaşmış gənclərdən ibarətdir. Həmin gənclər məhz müstəqil Azərbaycan Respublikasında dünyaya göz açıb və müstəqil dövlətin vətəndaşları kimi formalaşıblar.

Digər çıxış edənlər müstəqilliyimizin müxtəlif dövrlərində həyata keçirilən tədbirlərdən, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müstəqilliyimizin qorunmasında və inkişafındakı misilsiz xidmətlərindən danışıb, müstəqilliyimizin daimi və əbədi olacağına əminliklərini bildiriblər.

Sonra muzeyin şöbə müdirləri, filologiya elmləri doktorları Kamil Allahyarovun “Müstəqillik dövründə Novruz bayramı” və Şəfəq Əlibəylinin “Müstəqillik dövrü və ana dilimiz” mövzularında məruzələri dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.