ELM VƏ TƏHSİL
Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin veb-saytı yeni dizaynda istifadəyə verilib
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin veb-saytı təkmilləşdirilərək yeni dizaynda istifadəyə verilib.
Ədəbiyyat Muzeyindən AZƏRTAC-a bildiriblər ki, yüksək səviyyədə, ən son texnologiyalarla hazırlanan saytda proqram təminatı yenilənib, çatışmazlıqlar aradan qaldırılıb, saytın stili müasir tələblərə uyğunlaşdırılıb. Resursun baş səhifəsində Ədəbiyyat Muzeyində təşkil edilən önəmli görüşlərin, ən mühüm tədbirlərin görüntüləri slayd şəklində əks olunur. Səhifənin strukturuna “muzey”, “nəşrlər”, “filiallar”, “media”, “elanlar”, “xəbərlər” və digər bölmələr daxildir.
2011-ci ildən fəaliyyət göstərən muzeyin saytı ölkəmizdə ədəbiyyat sahəsində baş verən ən son yenilikləri, görkəmli ədiblərimizə aid məlumatları və muzeyin çoxcəhətli fəaliyyətini əks etdirir. Sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.