ELM VƏ TƏHSİL
Milli Azərbaycan Tarixi Muzeyində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub
Bakı, 27 dekabr, M.Dadaşov, AZƏRTAC
Dekabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində (MATM) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, muzey və YAP Azərbaycan Tarixçiləri ilk ərazi təşkilatı tərəfindən keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbirdə MATM-in direktoru, akademik Nailə Vəlixanlı 1991-ci ildə ümummilli lider Heydər Əliyevin tarixi qərarı ilə həyata vəsiqə qazanan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışıb. Bildirilib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilk dəfə ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən məhz onun təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Ali Məclisdə qəbul olunmuş qərarla elan edilib.
Sonra YAP Səbail rayon təşkilatının aparat rəhbəri Zəfər Bayramov, “Gənc Vətənpərvərlər Birliyi”nin sədri Muğan Əliyev və başqaları ümummilli lider Heydər Əliyev tərəfindən elan olunmuş və dünyanın müxtəlif ölkələrində yaşayan çoxsaylı azərbaycanlıları birləşdirən Həmrəylik Günü haqqında məlumat veriblər. Natiqlər, həmçinin müasir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətdə əldə etdiyi nailiyyətlərdən, xaric ölkələrdə yaşayan azərbaycanlılara dövlətimizin qayğısından söhbət açıblar.
Tədbir bədii hissə ilə davam etdirilib.