ELM VƏ TƏHSİL
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı beynəlxalq simpoziumda məruzə ilə çıxış edib
Bakı, 29 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov Rusiya Federasiyası Sankt-Peterburq şəhərində Dövlət Ermitajında keçirilən “İN HOC SIGNO VINCES” beynəlxalq veksilloloji simpoziumda məruzə ilə çıxış edib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, veksillologiya yeni elm sahəsi olaraq bayraq və standartların tarixi, inkişaf mərhələlərini araşdırır.
“Azərbaycanda veksillologiyanın inkişafı” mövzusunda məruzəsində P.Gözəlov Azərbaycanda olan bayraq kolleksiyaları, bu bayraqların öyrənilməsi ilə bağlı işlər barədə danışıb. Məruzədə, həmçinin Azərbaycan Respublikası Dövlət Bayrağının öyrənilməsi və təbliği ilə bağlı aparılan işlər, Bakı və respublikanın digər şəhərlərində yaradılmış Bayraq muzeyləri barədə məlumat verilib.
Tədbirin sonunda dəyirmi masa ətrafında veksillologiyanın aktual problemləri ilə bağlı müzakirələr aparılıb.