ELM VƏ TEXNOLOGİYA


Milli Azərbaycan Tarixi Muzeyinin musiqi mədəniyyəti bölməsi yenidən qurulub

A+ A

Bakı, 16 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) daimi ekspozisiyasında “XIX- XX əsrin əvvəllərində Azərbaycanın musiqi mədəniyyəti” bölməsi yenidən qurulub.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, bölmədə qurulmuş üç vitrində 28 eksponat, bir rəsm əsərinin surəti, çoxlu sayda tarixi fotoşəkillər, həmçinin 11 informasiya-məlumat paneli yerləşdirilib. Eksponatlar sırasında görkəmli xanəndə Cabbar Qaryağdıoğluya məxsus qaval, 1887-ci ildə İranın Rəşt şəhərində keçirilən muğam müsabiqəsində qalib gəlmiş görkəmli tarzənimiz Mirzə Fərəc Rzayevə hədiyyə verilmiş tar, musiqi xadimi Süleyman Mansurovanın tarı, görkəmli ustad Aşıq Hüseyn Bozalqanlının sazı, tar ifaçısı və musiqi xadimi Əhməd ağa Bakıxanovanın tütəyi, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun balabanı, bəstəkar Zülfüqar Hacıbəyovun kamançası xüsusi maraq oyadır. Burada, həmçinin nadir tərtibatı ilə seçilən və XIX əsrə aid kamança (üzərində “Şuşa, 1881” yazısı ilə), səntur simli alətləri, tütək, tütək-ney, zurna, yastıbalaban, ney nəfəs alətləri, qaval, nağara, qoşa-nağara, dümbək kimi zərb alətlər təqdir edilir. Nadir eksponatlardan biri tanınmış tarzən Qurban Primova məxsus qramofondur. Bu musiqi aləti Q.Primovun rəhbərlik etdiyi ansamblın ifasında Azərbaycan mahnılarının qramofon valına yazılması münasibətilə Varşavanın “Sport-Records” şirkəti tərəfindən hədiyyə olunub. XIX əsrin sonu-XX əsrin əvvəllərinə aid edilən və Azərbaycan mahnıları yazılmış qramofon valları da xüsusilə diqqəti cəlb edir. XIX əsrin sonu-XX əsrin əvvəllərinə aid çoxlu sayda fotolarda (onların böyüdülmüş surətləri ekspozisiyada təqdim edilir) həmin dövrün Azərbaycan ansamblları, musiqi alətləri, görkəmli musiqişünasları əks olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.