MƏDƏNİYYƏT
Milli Dram Teatrı “Almaz” tamaşasının premyerasına hazırlaşır
Bakı, 17 yanvar, AZƏRTAC
Yanvarın 21 və 22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının “Almaz” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ikihissəli dramın yeni səhnə redaksiyasının müəllifi Əməkdar İncəsənət Xadimi Əli Əmirli, elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərovdur. Tamaşanın bədii rəhbəri Xalq Artisti Azərpaşa Nemətov, rejissorları Anar Sadıqov və Əlif Cahangirli, bəstəkarı isə Xalq Artisti Siyavuş Kərimidir.
Tamaşada Almaz rolunu Əməkdar Artist Məsmə Aslanqızı canlandıracaq. Digər rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Rafiq Əzimov, Hacı İsmayılov, Firəngiz Mütəllimova, Əməkdar artistlər Sabir Məmmədov , Kazım Abdullayev , Aslan Şirin, Əli Nur, Əjdər Həmidov, Ayşad Məmmədov, Elşən Cəbrayılov, aktyorlar Rada Nəsibova və Mətləb Abdullayev ifa edəcək. Səhnə əsərini Ceyran Həsənli idarə edəcək.
Qeyd edək ki, C.Cabbarlının 1930-cu illər dram yaradıcılığı “Almaz” pyesi ilə başlayır. Əsərin ilk tamaşası 1931-ci il aprelin 13-də təqdim olunub.