MƏDƏNİYYƏT


Milli Dram Teatrı mövsümə  “Qarabağnamə” ilə yekun vuracaq

Bakı, 3 iyul, AZƏRTAC

Yola saldığımız mövsüm Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı heyəti üçün əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, mövsüm ərzində xaricdə və bölgələrdə qastrol səfərlərində olan teatrın kollektivi bir neçə tamaşanın premyerasında iştirak edib. Eyni zamanda, teatrda ölkəmizin mədəni həyatında müstəsna xidmətləri olan bir neçə korifey sənətkarlarımızın yubileyi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təntənəli şəkildə qeyd olunub.

Sənət ocağının mövsüm ərzində gördüyü və planlaşdırdığı bu və ya digər işlərlə bağlı teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı AZƏRTAC-a məlumat verib.

C. Zeynallı bildirib ki, ötən mövsümdə teatrda “Almaz”, “Çipollino”, “Buzlar ölkəsində”, “Vəsiyyət”, “Kosanın qızı” və “Aldanmış ulduzlar” tamaşalarının premyeraları gerçəkləşib. Xalq Yazıçısı İlyas Əfəndiyevin “Boy çiçəyi” tamaşası Xalq Artisti Ramiz Novruzun iştirakı ilə teatrımızın bədii rəhbər-direktoru, Xalq Artisti Azərpaşa Nemətovun yeni quruluşunda təqdim olunub. Bundan başqa, Xalq Yazıçısı Elçin Əfəndiyevin “Cəhənnəm sakinləri” əsəri əsasında hazırlanan yeni tamaşanın məşqləri bitib, sentyabrda həmin tamaşanın premyerası nəzərdə tutulur.

“Məşq prosesində olan növbəti səhnə əsəri isə Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı əsasında hazırlanacaq “Qətibə İnanc” tamaşasıdır. Həmin tamaşaya Xalq Artisti Mərahim Fərzəlibəyov dramaturq Çingiz Ələsgərlinin “Qılınc və qələm” romanının motivləri üzərində yazdığı pyes əsasında quruluş verir. Bu tamaşa yeni mövsümdə teatrsevərlərin ixtiyarına veriləcək”, - deyə C. Zeynallı qeyd edib.

O əlavə edib ki, avqust ayında Akademik Milli Dram Teatrı Bolqarıstanın Varna şəhərində Beynəlxalq Mono Tamaşalar Festivalında iştirak edəcək. Festivalda rejissor Anar Sadıqovun Əməkdar Artist Ayşad Məmmədovun “İuda” mono pyesi əsasında hazırladığı tamaşa təqdim olunacaq. Səhnə əsərində Ayşad Məmmədov çıxış edəcək.

Qeyd edək ki, Akademik Milli Dram Teatrı teatr mövsümünə iyulun 9-da “Qarabağnamə” tamaşası ilə yekun vuracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.