MƏDƏNİYYƏT
Milli Dram Teatrının direktoruna "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalı təqdim olunub
Bakı, 3 iyul, Ceyhun Alışov, AZƏRTAC
İyulun 3-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor İsrafil İsrafilova "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Avropa Nəşr Mətbuat Evi (ANME) tərəfindən təsis olunan mükafat alimə Akademik Milli Dram Teatrında verilib.
Mərasimdə ANME-nin rəhbəri Şöhrət Səlimbəyli çıxış edərək bildirib ki, İsrafil İsrafilov bu mükafata Azərbaycan mədəniyyət sahəsindəki pedaqoji fəaliyyətinə, çoxsaylı elmi-publisistik və silsilə tədqiqatlarına görə layiq görülüb.
Rəhbərlik etdiyi qurumun fəaliyyətindən söz açan natiq bildirib ki, təsis olunan bu mükafat Azərbaycan mədəniyyəti, incəsənəti, elmi sahəsində böyük xidmətləri olan simalara təqdim olunur.
Ş.Səlimbəyli medalla yanaşı, təmsil etdiyi qurumun döş nişanını və medalın vəsiqəsini alimə təqdim edərək onu təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov sənətşünas alim haqda bir sıra maraq doğuran gənclik xatirələrini bölüşərək onu əldə etdiyi uğura görə təbrik edib.
Daha sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru Babək Qurbanov, xalq artistləri Ramiz Novruzov və Firəngiz Mütəllibova çıxış edərək İsrafil İsrafilovun rəhbərliyi altında həyata keçirilən və əldə olunan sənət uğurlarından söz açıblar.
Sonda İsrafil İsrafilov çıxış edərək ona göstərilən etimada görə Avropa Nəşr Mətbuat Evinə və iştirakçılara təşəkkürünü bildirib.
Qeyd edək ki, alim teatr sənətinin elmi-nəzəri məsələləri, milli və dünya teatr prosesinə həsr edilən çoxsaylı tədqiqatların müəllifidir. Onun "Azərbaycan milli rejissor sənətinin poetikası" kitabı teatr nəzəriyyəsi sahəsində sanballı elmi tədqiqat əsəri kimi qəbul olunur.