REGİONLAR
Milli Fəaliyyət Proqramının icrası üzrə növbəti ictimai dinləmə Ağcabədidə aparılıb
Ağcabədi, 25 iyun, AZƏRTAC
Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi ilə bağlı respublikamızın bölgələrində ictimai dinləmələr davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Ağcabədi rayon mədəniyyət evində keçirilən dinləmədə hüquq mühafizə və ədliyyə orqanlarının, ictimaiyyətin nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, gənclər iştirak ediblər.
İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçəklər qoyublar.
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib, Milli Fəaliyyət Proqramı və onunla əlaqədar keçirilən ictimai dinləmələrin əhəmiyyətini vurğulayıb.
MFP-nin icrası, təbliği və tətbiqi vəziyyəti üzrə məruzə edən Ombudsman Elmira Süleymanova hüquqi islahatlar kontekstində ölkəmizdə gedən davamlı inkişaf prosesləri, iqtisadi və sosial sahələrin dəstəklənməsi vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.
E.Süleymanova iqtisadi və sosial sahələrlə yanaşı, ölkəmizdə həyata keçirilən hüquqi islahatlar haqqında geniş məlumat verib. O, 2011-ci ildə dövlət başçısının Sərəncamı ilə təsdiq olunmuş Milli Fəaliyyət Proqramının normativ-hüquqi bazanın, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, beynəlxalq təşkilatlarla əməkdaşlıq, habelə sənədin həyata keçirilməsinin əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Ombudsman müzakirələr nəticəsində verilmiş təklif və tövsiyələrin ümumiləşdirilərək zəruri tədbirlərin görülməsi üçün müvafiq dövlət orqanlarına göndəriləcəyini bildirib.
Tədbirdə hüquq mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri çıxış edərək, təmsil etdikləri qurumların fəaliyyəti, rayonda MFP və insan hüquqları üzrə keçirilmiş tədbirlər və digər məsələlərdən danışıblar.
Müzakirələrdə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin daha da artırılması ilə bağlı fikir və təkliflər irəli sürülüb, tədbir iştirakçılarının sualları cavablandırılıb.