CƏMİYYƏT


Milli Fəaliyyət Proqramının icrası üzrə növbəti ictimai dinləmə Biləsuvarda keçirilib

A+ A

Bakı, 15 iyul, AZƏRTAC

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi ilə bağlı bölgələrdə ictimai dinləmələr davam etdirilir.

Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, Biləsuvar rayonunda dinləmələrdə hüquq mühafizə və ədliyyə orqanlarının, dövlət və icra qurumlarının, ictimaiyyətin nümayəndələri, ziyalılar iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub.

Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində rayonda görülən işlərin əhalinin rifah halının yaxşılaşmasına xidmət etdiyini söyləyib. O, insan hüquqlarının təbliği sahəsində rayonda görülmüş işlər, vətəndaşların hüquq və azadlıqlarının təmini, bu baxımdan qarşıda duran vəzifələr, rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.

Tədbirdə vətəndaşların müraciətlərinin səmərəli təmini baxımından müvafiq komissiyaların fəaliyyət göstərdiyi, rayonun müxtəlif yaşayış məntəqələrində səyyar qəbulların keçirildiyi, abadlıq-quruculuq işlərinin, yol çəkilişi və digər infrastruktur üzrə tədbirlərin davam etdirildiyi qeyd olunub.

Ombudsman Elmira Süleymanova Azərbaycanın Milli Qəhrəmanı, gənclərə örnək olan Mübariz İbrahimovun anadan olduğu və böyüdüyü Biləsuvar rayonunda ictimai dinləmənin, yerli əhali ilə görüşün əhəmiyyətini vurğulayıb. O, dini və milli tolerantlığın hökm sürdüyü Azərbaycanda geniş islahatların insan hüquqlarının müdafiəsinə mühüm töhfə verdiyini bildirib.

E.Süleymanova ölkəmizdə dini və milli tolerantlığın hökm sürdüyünü, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu, respublikamızın dünya miqyasında artıq multikulturalizm və tolerantlıq modeli kimi qəbul edildiyini diqqətə çatdırıb.

Ombudsman vətəndaşlar tərəfindən yerli icra hakimiyyəti orqanlarına, habelə digər dövlət və bələdiyyə qurumlarına ünvanlanan müraciətlərin vaxtında araşdırılmasının, qaldırılan məsələlərin həlli məqsədilə lazımi tədbirlərin görülməsinin, yerlərdə səyyar qəbulların keçirilməsinin, habelə elektron qaydada müraciətlərin təminin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şurasının fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı təkrar şikayətlərinə baxmasının əhəmiyyətini qeyd edib.

Azərbaycanda iqtisadi, sosial və digər sahələrdə islahatların insan hüquqlarının müdafiəsinə mühüm töhfə verdiyini vurğulayan müvəkkil vətəndaşlara göstərilən xidmətlərin əlçatanlığı və keyfiyyəti, elektron xidmətlər, habelə bir çox problemlərin qarşısının alınması baxımından “ASAN xidmət” mərkəzlərinin və onun səyyar qruplarının uğurlu fəaliyyətini yüksək dəyərləndirib.

Rayon prokuroru, polis şöbəsinin rəisi, məhkəmənin sədri çıxış edərək təmsil etdikləri qurumların fəaliyyəti, MFP və insan hüquqları üzrə keçirilmiş tədbirlər, digər məsələlər barədə məlumat veriblər.

Müzakirələrdə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin daha da artırılması ilə bağlı fikir və təkliflər irəli sürülüb, tədbir iştirakçılarının sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.