İDMAN


Milli Gimnastika Arenası bədii gimnastika üzrə Dünya Kubokuna tam hazırdır

A+ A

Bakı, 22 iyul, AZƏRTAC 

Milli Gimnastika Arenası bədii gimnastika üzrə Dünya Kubokunun keçirilməsinə tam hazırdır.

Bu barədə AZƏRTAC-a arenanın direktoru Maqsud Fərzullayev məlumat verib. “Zal həmişəki kimi yarışlara tam hazırdır. Yarışların başlamasına üç həftə qalmış bütün sistemləri yoxlayır və sınaqdan keçiririk. İsti günləri nəzərə alaraq, soyutma sistemini dəqiqliklə sınaqdan keçiririk və zaldakı temperaturu ölçürük. Əminəm ki, tamaşaçılara yarışları izləmək rahat olacaq”, - deyə o bildirib.

Direktor qeyd edib ki, Dünya Kubokuna hazırlıq çərçivəsində arena idmançılar və azarkeşlər üçün bir sıra yeniliklər etmək qərarına gəlib: “Həmişəki kimi, Milli Gimnastika Arenası Azərbaycan Gimnastika Federasiyası ilə birlikdə yenilik etməyə çalışır. Bu dəfə bədii gimnastika üzrə Dünya Kubokuna milli kolorit vermək qərarına gəldik və zalı gimnastların çıxış edəcəyi əsas xalça ətrafında yerləşən doğma Qarabağ xalçalarının “çələbi” naxışları ilə tərtib etdik. Bu milli naxış, həmçinin mükafatlandırma mərasimi və rəsmi şəxslərin çıxışı zamanı fon qismində olacaq. Bundan başqa, tamaşaçılar üçün yeni “heşteq”lər əlavə etmək qərarına gəldik. Azarkeşlərimiz şəkil çəkdirməyi və fotolarını sosial şəbəkələrdə yerləşdirməyi çox sevirlər. Azarkeşlər həmin “heşteq”lərdən istifadə edə biləcəklər”.

M.Fərzullayev qeyd edib ki, bədii gimnastika üzrə Dünya Kubokunda batut gimnastikası üzrə Dünya Kubokunda olduğu kimi, əsas zalın yarısından istifadə olunacaq: “Tələb olunmayan yarışlar üçün adətən zalın yarısını bağlayırıq. Bu təcrübə özünü doğruldub. Çünki bu, ilk növbədə, idmançıların özü və yarışlar üçün rahatdır. Bu, o deməkdir ki, zalın digər yarısını istifadə etməyəcəyik. Həmin hissə gimnastların yarışlara hazılığı üçün istifadə olunur”.

Direktor paytaxt sakinlərini və qonaqları yarışlara gəlməyə və Azərbaycan idmançılarını dəstəkləməyə çağırıb.

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı iyulun 22-24-də Azərbaycanın paytaxtında keçiriləcək. Beləliklə, Bakı tamaşaçısı ilin əsas hadisəsi - Rio Olimpiya Oyunlarından iki həftə öncə dünyanın 17 ölkəsindən məşhur gimnastların çıxışlarını izləmək üçün unikal imkan əldə edəcək.

Yarışların ilk iki günü 26 gimnast və 9 qrup hərəkətləri komandası medallar uğrunda çoxnövçülükdə mübarizə aparacaq. Kubokun son günü ayrı-ayrı alətlər üzrə final mərhələləri baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.