MƏDƏNİYYƏT


Milli İncəsənət Muzeyində “Reinkarnasiya” adlı sərgi açılıb

Bakı, 27 yanvar, Flora Şükürova, AZƏRTAC

Yanvarın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində gənc rəssamların sənət əsərlərindən ibarət “Reinkarnasiya” adlı rəsm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sənət ocağının 80 illik yubileyi çərçivəsində təşkil olunan sərgi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşıb.

Milli İncəsənət Muzeyinin direktor müavini Əminə Məlikova çıxış edərək sərginin əhəmiyyətindən danışıb.

Vurğulanıb ki, muzeyin fəaliyyətində yenilik olan növbəti innovativ layihədə müasir Azərbaycan rəssamlarının muzeyin qızıl fonduna daxil olan və stasionar ekspozisiyada təqdim edilən məşhur rəssam və heykəltəraşların əsərləri əsasında yaratdıqları reinkarnasiya (ruhun yenidən qayıdışı) olunmuş avanqard üslublu əsərlər nümayiş olunur.

Bildirilib ki, vernisajda rəssamlar Elşən Sərxanoğlu, Məmməd Rəşidov, Vüqar Quliyev, Aydın Əsgərov, Elşən Karaca, Emin Qəhrəmanov tərəfindən təqdim olunan 15-dək rəngkarlıq və 5 heykəltəraşlıq əsəri yeni interpretasiyada, müasir baxış kontekstində sərgilənir. Əsas kimi götürülən əsərlərin müəllifləri arasında dünya incəsənətinin Yan Stik, İvan Ayvazovski, Jan Fraqonar, Smitri Antonelli, Pyotr Vereşagin, Cozef Bernar və Fransua Larşe kimi klassikləri və dünya təsviri incəsənətinin digər görkəmli nümayəndələri vardır.

Sözügedən layihənin artıq bir ənənə halını alaraq şəhərimizin digər muzeylərində də keçirilməsinin nəzərdə tutulduğunu söyləyən Ə.Məlikova ziyarətçilərin sərgidən böyük zövq alacaqlarına əminliyini ifadə edib.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgiyə giriş pulludur və biletin qiyməti 2 AZN-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.