MƏDƏNİYYƏT
Milli Kino Günündə "4.1 Şəhər Motivləri" kinoalmanaxı təqdim edilib
Bakı, 31 iyul, Türkan Abdullayeva, AZƏRTAC
İyulun 31-də Nizami Kino Mərkəzində Milli Kino Günü münasibətilə təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə kino ilə bağlı keçirilmiş, tədbirlər, təqdimatlar, festivallar, yubileylər, çəkiliş proseslərindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbir çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev kino işçilərini peşə bayramı münasibətilə təbrik edərək bütün sahələrdə olduğu kimi mədəniyyət, o cümlədən kino sahəsində əldə edilmiş nailiyyətlərdən söhbət açıb.
Azərbaycan kinosunun son illərdə böyük uğurlara imza atdığını vurğulayan nazir müavini filmlərimizin sorağının məşhur festivallardan gəldiyini söyləyib.
Qeyd edib ki, Dövlət Film Fondu, Nizami Kino Mərkəzi yenidən qurulub, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına yeni rəhbər təyin olunduqdan sonra bütövlükdə kino sənayesi yenidən qurulmağa başladı. Kinostudiyanın tərkibində fəaliyyət göstərən qurumlar canlandı. Ayrı-ayrı özəl, müstəqil studiyaların çəkdiyi filmlər çoxlu sayda beynəlxalq festivallarda, müsabiqələrdə müxtəlif nominasiyalarda mükafatlar qazanıb. Gənclərə bu istiqamətdə şərait yaradılıb. Onlar çoxlu sayda layihələrin müəlliflərinə, təşkilatçılarına, iştirakçılarına çevrildilər. Azərbaycan kino sənayesində çalışan işçilər yeni bir qurumda birləşdilər. Bu gün Azərbaycan filmləri dünya kino bazarında tanınmağa başlayıb. Ölkəmizdə keçirilən çoxsaylı festivalların özü xarici ölkələrdən Azərbaycana gələn kino mütəxəssislərinin sayı müxtəlif ustad dərsinin keçirilməsindən başlayaraq qonaq qismində dəvət olunan kino xadimlərinin Azərbaycan kinosunun yüksəlişindən xəbər verir. Filmlərimiz doğma dilimizlə yanaşı, bir neçə xarici dildə tamaşaçılara təqdim olunması, özəl kinoteatrların sayının artması kinoya olan maraqdan irəli gəlir.
Vurğulanıb ki, "Bakı-2015" birinci Avropa Oyunları zamanı Nizami Kino Mərkəzində gün ərzində ölkəmizə təşrif buyurmuş həm idmançılar, həm də turistlər üçün bir neçə dildə retro filmlərimizdən tutmuş müasir ekran əsərlərimizə qədər nümayiş olunub.
Kino sənayesi müxtəlif qolları ilə məşğul olan gənc, istedadlı rejissorlar, bəstəkarlar, rəssamlar, operatorlar meydana gəlib.
Mərasimdə bir qrup kino işçisinə - Tərlan Babayev, Əziz Məmmədov, Afaq Allahverdiyeva, Tamella Muxtarova, Aleksandra Şirinova və Nəriman Kərimova Mədəniyyət və Turizm Nazirliyinin fəxri döş nişanı təqdim edilib.
Tədbirdə, həmçinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir qrup kino işçisi və veterana pul mükafatı verilib.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova bayram münasibətilə tədbir iştirakçılarını təbrik edərək rəhbərlik etdiyi qurum tərəfindən görkəmli kino xadimlərinin ilboyu yubileylərinin qeyd olunduğunu, həmçinin veteran sənətkarlara mükafatların verildiyini söyləyib.
Kino işçilərinin peşə bayramı, ənənəyə uyğun olaraq, bu il də yeni ekran əsərinin premyerası ilə yadda qalıb. Mərasimdə beş qısametrajlı filmdən ibarət "4.1 Şəhər Motivləri" kinoalmanaxının təqdimatı olub.
Təqdimatdan əvvəl kinoalmanaxın prodüserlərindən biri İradə Bağırzadə çıxış edərək layihə barədə məlumat verib. Bildirib ki, kinoalmanaxa daxil olan filmləri xaricdə təhsil alan beş gənc azərbaycanlı rejissorun lentə alıb. Bu onların debüt filmləridir. Prodüser filmlərin çəkilişində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Sonra yaradıcı heyət səhnəyə dəvət olunub.
Daha sonra kinoalmanaxa daxil olan filmlər nümayiş edilib.
Bunlar Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyi "Geniş baxış" ssenari müsabiqəsinin qalibi olan kinolayihəyə rejissor Anar Abbasovun "Qonşu qadın", Rüfət Həsənovun "Kədərim", Timur İsmailovun "Yuxarıda və aşağıda", Cəfər Axundzadənin "Dmitrov küçəsi 86" və Vüqar İslamzadənin "Zabit şərəfi" filmləridir.
Yeni kinoalmanaxın quruluşçu rəssamı Rafiq Nəsirov, redaktoru Yusif Şeyxov, kreativ prodüseri Eldar Albertsson, icraçı prodüseri Azər Quliyev, prodüserləri Müşfiq Hətəmov və İradə Bağırzadədir.