MƏDƏNİYYƏT


Milli Kitabxanada Dövlət Müstəqilliyi Günü münasibətilə sərgi açılıb VİDEO

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə kitab sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktı”nın qəbul olunmasından, bu mühüm tarixi sənədlə xalqımızın uzun illərdən bəri həsrətində olduğu azadlığa qovuşmasından danışıb.

“Tale elə gətirdi ki, bir əsrdə iki dəfə müstəqillik qazandıq”, - deyən K.Tahirov müstəqilliyi qoruyub saxlamağın onu qazanmaqdan qat-qat çətin olduğunu bildirib. Müstəqilliyimizin qorunmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən söz açıb. Bu gün Azərbaycan inkişaf dövrünü yaşayır ki, bu da ulu öndər Heydər Əliyevin siyasətinin bəhrəsidir. Azərbaycanın bütün dünyada öz sözü, imzası ilə tanındığını söyləyən direktor ölkəmizi yorulmaz fəaliyyəti ilə irəli aparan, inkişaf etdirən dövlət başçısının ətrafında sıx birləşməyin zəruriliyini vurğulayıb.

Direktor müavini Ədibə İsmayılova müstəqil Azərbaycanın bu yolda ilk və inamlı addımlarından danışıb. Müstəqilliyin bərpasından sonrakı müddətdə Azərbaycanın əldə etdiyi uğurları diqqətə çatdıran Ə.İsmayılova bildirib ki, Milli Kitabxana il ərzində 10-dan artıq beynəlxalq kitab sərgisində ölkəmizi təmsil edib. Bu da müstəqilliyin yaratdığı imkanlardan biridir.

Sonra tədbir iştirakçıları “18 oktyabr – Dövlət Müstəqilliyi günüdür” adlı kitab və dövri mətbuat materiallarından ibarət geniş sərgi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.