MƏDƏNİYYƏT
Milli Kitabxanada “Günlərdən şeir” layihəsinə start verilib
Bakı, 7 iyul, AZƏRTAC
İyulun 7-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”da “Günlərdən şeir” layihəsinə start verilib. Layihənin ilk qonağı İLESAM-ın sədri, şair Mehmet Nuri Parmaksız olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ermənistan silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirilən Füzuli rayonunun Alxanlı kəndinin sakinləri 2 yaşlı Zəhra Quliyevanın və nənəsinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov görüşün Mədəniyyət və Turizm Nazirliyi, İLESAM, Azərbaycan Yazıçılar Birliyinin Müşfiq Komissiyası və M.F.Axundzadə adına Milli Kitabxana ilə birgə “Günlərdən şeir” layihəsi çərçivəsində təşkil edildiyini söyləyib. Layihə haqqında qısa məlumat verən direktor bildirib ki, hər həftənin cümə günləri şairlərlə görüşlər keçiriləcək və görüşlərdə iştirak edən şairlər öz şeirlərini söyləyəcəklər.
Mehmet Nuri Parmaksız baş vermiş hadisə ilə bağlı bütün türk xalqının da acısını dilə gətirib. Şair öz yaradıcılığına məxsus şeirlərini səsləndirib.
Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid öz yeni şeirlərini, həmçinin Vaqif Bayatlının şeirlərini söyləyib.
İLESAM-ın Azərbaycan təmsilçisi, Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza layihənin əhəmiyyətindən danışıb ağdamlı şair Fazil Fəxrinin, sonra isə özünün həm Azərbaycan, həm də Türkiyə türkcəsində yazdığı şeirlərini deyib.
Şairlər Fərqanə Mehdi, Həyat Şəmi, Şəhanə Müşfiq, Samir Səyyadoğlu, Səyyarə Məmmədli və başqaları öz şeirlərini oxuyublar.
Görüşdə AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi Şəlalə Hümmətova, jurnalist, publisist Zemfira Məhərrəmli və digərləri öz ürək sözlərini söyləyərək, layihənin işinə uğurlar arzulayıblar.
Sonda Mehmet Nuri Parmaksız layihənin gerçəkləşdirilməsinə görə təşəkkürünü dilə gətirib.