MƏDƏNİYYƏT


Milli Kitabxanada Latviyaya həsr olunmuş sərgi açılıb

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 4-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Art Nouveau (yeni incəsənət) memarlığı: Riqa və Latviya” adlı sərginin açılışı olub. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Latviyanın ölkəmizdəki səfirliyi və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə keçirilib.

AZƏRTAC xəbər verir ki, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Azərbaycan-Latviya tərəfdaşlığının bütün sahələri əhatə etdiyini, ikitərəfli münasibətlərin uğurla həyata keçirildiyini və bu əlaqələrin inkişaf etdiyini söyləyib.

Latviya Respublikası Seyminin sədri xanım İnara Murnietse Bakıdan olmağından məmnunluğunu ifadə edib. Azərbaycan ilə Latviya arasında münasibətlərin möhkəm əsaslar, qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, keçirilən yüksək səviyyəli görüşlərin mühüm əhəmiyyətini vurğulayıb. Riqanın memarlıq nümunələri olan binalarla məşhurluğunu söyləyən İnara Murnietse bu sərginin Bakıda, xüsusilə Milli Kitabxanada açılmasından məmnunluq duyduğunu bildirib. O, Latviyaya həsr olunmuş kitabları Milli Kitabxanaya hədiyyə edib.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov yeni sərgidən, xüsusilə Riqa şəhərinin gözəlliyindən, buranın heykəllər şəhəri olmasından, orada “Art Nouveau” adlı muzeyin fəaliyyət göstərməsindən danışıb. Direktor üç ildir Milli Kitabxana ilə Latviya Milli Kitabxanası arasında əməkdaşlığa dair memorandum imzalandığını vurğulayıb. Bildirib ki, iki ildən bir Milli Kitabxanada Latviya Milli Kitabxanasının sərgisi açılır.

Diqqətə çatdırıb ki, “Art Nouveau (yeni incəsənət) memarlığı: Riqa və Latviya” sərgisi ilə yanaşı “Latviya bu gün” adlı kitab sərgisində nümayiş olunan kitablar Latviya Milli Kitabxanası tərəfindən hədiyyə edilib. Kitab sərgisində Azərbaycan Milli Kitabxanasının fondunda qorunan Latviyanın tarixidən, mədəniyyətindən, incəsənətindən, siyasətindən bəhs edən müxtəlif dillərdə ədəbiyyatlar yer alıb.

Sonra Kərim Tahirov qonağa nəfis tərtibatla çap olunmuş “Azərbaycan xalçaları. İrəvan qrupu” və digər kitablar hədiyyə edib.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.