MƏDƏNİYYƏT
Milli Kitabxanada görüş
Bakı, 1 oktyabr, AZƏRTAC
Çexiya Milli Kitabxanasının direktoru Petr Kroupa M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olub.
Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov kitabxana haqqında ətraflı məlumat verib. Kitabxananın həm milli mətbuatın arxiv fondunun yaradıcısı olduğunu, həm də respublikanın kitabxanaları üçün metodik mərkəz olduğunu qonağın diqqətinə çatdırıb.
Petr Kroupa Çexiya Milli Kitabxanasının fondunda Azərbaycana aid ədəbiyyatın qorunduğunu bildirib. O, gələn il Praqada Nizami Gəncəvinin əsərlərindən ibarət sərginin təşkilinin nəzərdə tutulduğunu söyləyib.
K.Tahirov həmin sərginin 2017-ci ilin sentyabrında keçiriləcək V Bakı Beynəlxalq kitab sərgi yarmarkası ərəfəsində Milli Kitabxanada nümayış olunmasını, həm də Çexiya Milli Kitabxanasında qorunan Azərbaycana aid qədim əlyazmaların, klassiklərimizin əsərlərinin kataloqunun Azərbaycan, çex və ingilis dillərində çap olunmasını təklif edib. Qonaq hər iki təklifi yüksək qiymətləndirib.
P.Kroupa Milli Kitabxananın yeni layihəsi olan “Açıq kitabxana” ilə tanış olub. O, “Açıq kitabxana”nı bəyənib, çox maraqlı və əhəmiyyətli layihə olduğunu söyləyərək, belə bir layihənin Praqada da həyata keçirəcəyini söyləyib.
Sonda qonağa xəritə hədiyyələri təqdim olunub.