MƏDƏNİYYƏT
Milli Kitabxanada keçirilən treninqlərə 100-ə yaxın mütəxəssis qatılıb
Bakı, 28 yanvar, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi müntəzəm olaraq cəmiyyətin sənəd-informasiya, o cümlədən ədəbiyyata olan tələbatının daha dolğun və müfəssəl şəkildə ödənilməsi və bu sahədə informasiya və kommunikasiya texnologiyalarından istifadə edilməsi istiqamətində mühüm layihələr həyata keçirir. Bu sahədə əhəmiyyətli addımlardan biri də pərakəndə şəkildə fəaliyyət göstərən müxtəlif kitabxana sistemlərinin vahid strukturda birləşdirilməsi və tabeçilikdə olan bütün kitabxanaların vahid mərkəzləşdirilmiş kitabxana portalının (cls.az) yaradılmasıdır.
Oxucularla münasibətləri sadələşdirən və digər mərkəzləşdirilmiş kitabxana sistemləri ilə inteqrasiyanı mümkün edən portalda məlumatların yerləşdirilməsi, yenilənməsi və elektron mübadilə sisteminin digər funksiyaları ilə kitabxana əməkdaşlarını yaxından tanış etmək məqsədilə yanvarın 21-dən 23-dək və 25-dən 28-dək M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında treninqlər keçirilib.
İki mərhələdə keçirilən treninqlərdə respublikanın 64 rayon və 9 Bakı şəhər MKS-i əhatə olunmaqla 100-ə yaxın mütəxəssis iştirak edib. Treninqləri Milli Kitabxananın və ULTRA şirkətinin mütəxəssisləri tərəfindən aparılıb.
Treninqlərdə mütəxəssislərə kitabxanaların vahid mərkəzləşdirilmiş kitabxana portalının (cls.az) yaradılması və portala materialların ötürülməsi yolları, e-maillərin açılması və b. məsələlər izah edilib.
Treninqin yekununda Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış edərək müdavimlərə uğurlar, müvəffəqiyyət arzulayıb, treninqlərin nəticəsi kimi dərhal portala materialların ötürülməsini tövsiyə edib. O, bu portalın üstünlüklərini bir daha önə çəkib, portalda mövcud olan kitabların biblioqrafik yazısının mübadiləsinin mümkünlüyündən danışıb.
Mədəniyyət və Turizm Nazirliyinin texniki təchizat və proqram təminatı şöbəsinin müdir müavini Qabil Abbasov milli avtomatlaşdırılmış sistem olan ALİSA-nın üstünlüklərini bir daha önə çəkib.
Bildirilib ki, əvvəllər İRBİS proqramı ilə işləyən bölgə kitabxanalarımız artıq sınaqdan çıxmış ALİSA proqramı ilə işləyəcəkdir. Biblioqrafik yazılar Milli Kitabxanada redaktə olunub sistemə daxil ediləcəkdir.