MƏDƏNİYYƏT
Milli Konservatoriyada Üzeyir Hacıbəyli və Müslim Maqomayevin 130 illiyinə həsr edilmiş elmi konfrans keçirilib
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Konservatoriyasında Üzeyir Hacıbəyli və Müslim Maqomayevin anadan olmasının 130 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.
Milli Konservatoriyadan AZƏRTAC-a bildiriblər ki, konfransda bir sıra mədəniyyət və incəsənət xadimləri, o cümlədən professor-müəllim heyəti iştirak ediblər. Konfransda əvvəlcə Milli Konservatoriyanın elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Hüseynovanın məruzəsi dinlənilib. O, Üzeyir Hacıbəyli və Müslim Maqomayevin Azərbaycan musiqi mədəniyyətindəki xidmətlərindən bəhs edib.
Konfransda Milli Konservatoriyanın tələbələrinin “Üzeyir Hacıbəyli musiqisində üslub xüsusiyyətləri”, “Üzeyir Hacıbəylinin “Azərbaycan türklərinin musiqi haqqında” məqaləsinin tarixi əhəmiyyəti”, “ Üzeyir Hacıbəyli xanəndə sənəti haqqında” mövzularında məruzələri dinlənilib.
Tədbirdə konservatoriyanın bir sıra ifaçı müəllim və tələbələrinin repertuarında Üzeyir Hacıbəylinin musiqi əsərlərindən ibarət kompozisiyalarla yanaş, “Leyli və Məcnun” operasından bir neçə səhnə təqdim olunub.
Sonda Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti, professor Siyavuş Kərimi çıxış edərək konservatoriyada bu kimi tədbirlərin davamlı olaraq təşkilini bildirib.
Tədbir konsert proqramı ilə davam edib.