SİYASƏT


Milli Məclis deputatının etik davranış qaydaları barədə qanun layihəsi müzakirə olunub VİDEO

Bakı, 20 aprel, AZƏRTAC

Aprelin 20-də Milli Məclisin insan hüquqları və hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirə olunub.

Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova iclası açaraq bildirib ki, qanun layihəsinin hazırlanması Azərbaycan Konstitusiyasına edilən son dəyişikliklərlə əlaqədardır. Konstitusiyada nəzərdə tutulan müddəalar qanunvericilikdə öz əksini tapmalıdır. Dünyanın bir çox ölkələrində müxtəlif dövlət qurumlarının, seçkili orqanların, o cümlədən bələdiyyələrin, habelə dövlət qulluqçularının fəaliyyətini tənzimləyən qanunlar mövcuddur. Deputatın da fəaliyyət istiqamətlərini müəyyənləşdirən belə bir qanunun olması zəruridir.

Bahar Muradova diqqətə çatdırıb ki, qanun layihəsi hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və bu komitənin üzvü Vüsal Hüseynov tərəfindən hazırlanıb. Müəlliflər sənəd üzərində işləyərkən Avropa Şurasına və Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin bu sahədəki təcrübəsini yaxından öyrənərək, eyni zamanda, Azərbaycanın reallıqlarını, parlamentarizm ənənələrini də nəzərə alıblar.

Komitə sədri bildirib ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 7-ci bəndinə, 94-cü maddəsinin I hissəsinin 1-ci və 3-cü bəndlərinə uyğun olaraq, Milli Məclis deputatının etik davranış qaydalarını, həmin qaydalara əməl olunması ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Sənəd deputatların fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, Milli Məclisin nüfuzuna və yüksək deputat adına xələl gətirə biləcək davranışın, deputatların fəaliyyətində maraqların toqquşması hallarının qarşısının alınması, deputatların fəaliyyətinə ictimai etimadın gücləndirilməsi məqsədilə hazırlanıb.

Sonra deputat Vüsal Hüseynov qanun layihəsi barədə ətraflı məlumat verib. Qeyd edilib ki, layihə lakonik şəkildə hazırlanıb və 13 maddədən ibarətdir. Hər bir deputat etik davranış qaydalarını rəhbər tutaraq bu qanunun müddəalarına əməl etməyə borcludur. Qanunda göstərilir ki, deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan kobud, təhqiramiz sözlərə yol verməməlidir. Deputat öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur və vəzifələrinin icrası ilə bir araya sığmayan sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) məşğul olmamalıdır. Deputat vətəndaşlarla, o cümlədən seçiciləri, həmkarları, dövlət orqanlarının nümayəndələri ilə davranışında, ictimai çıxışlarında və Milli Məclisin iclaslarında nəzakətli, həssas və təmkinli olmalıdır. Deputat qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlərdən imtina etməlidir. O, öz səlahiyyət müddətində maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

Bildirilib ki, etik davranış qaydalarına əməl olunmasına nəzarət Milli Məclisin intizam komissiyası tərəfindən həyata keçirilir. İntizam komissiyası deputatın etik davranış qaydalarına riayət etməsi uyğunluğuna nəzarət edir, bu qaydalar üzrə rəy və tövsiyələr verir, qaydaların pozulmasının qarşısının alınması üzrə tədbirlər görür. Komissiya, eyni zamanda, deputatın etik davranış qaydalarına riayət etməsi məsələlərinə dair mütəmadi ümumiləşdirmələr aparır, bu məsələlərlə bağlı məruzələri və tövsiyələri Milli Məclisin sədrinə təqdim edir, qaydaların tələblərinin pozulması halları ilə bağlı müraciətlərə baxır, qaydaları pozmuş deputatlar barəsində intizam tədbirlərinin görülməsi haqqında qərar qəbul edir. Deputatlar tərəfindən etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə ictimaiyyətə məlumat verilir.

Müzakirələr zamanı çıxış edən deputatlar Azay Quliyev, Fazil Mustafa, Tahir Kərimli, Rövşən Rzayev, Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı, Çingiz Qənizadə, Rafael Cəbrayılov, Hikmət Məmmədov, Əflatun Amaşov, Elman Nəsirov sənədlə bağlı fikirlərini səsləndirib, burada əks olunan məsələlərin aktuallığı və əhəmiyyəti barədə danışıblar.

İclasda hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deputatların səsləndirdikləri fikirlərlə bağlı əsaslandırılmış şəkildə açıqlama verib. Bir sıra məqamlara aydınlıq gətirilib və bildirilib ki, qanun layihəsinin müddəaları Konstitusiyaya əsasən hazırlanıb, burada əks olunan normalar preventiv xarakter daşıyır. Qanun layihəsi rəy üçün parlamentin digər komitələrinə təqdim olunacaq.

Müzakirələrdən sonra qanun layihəsi plenar iclasa tövsiyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.