SİYASƏT
Milli Məclis sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyəti Yaponiyaya səfər edəcək
Bakı, 18 aprel, Xalid Məmmədov, AZƏRTAC
Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti aprelin 19-dan 25-dək Yaponiyada rəsmi səfərdə olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.
Mətbuat katibi deyib ki, nümayəndə heyətinin tərkibinə Yaponiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Abel Məhərrəmov, deputatlardan Çingiz Əsədullayev, Aslan Cəfərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Səfərin ilk günü Milli Məclis sədrinin Yaponiya İmperatoru Əlahəzrət Akihito, Baş nazir Şinzo Abe, xarici işlər naziri Fumio Kişida ilə görüşləri nəzərdə tutulub.
Deputatlarımız Yaponiya parlamentinin Müşavirlər və Nümayəndələr palatalarında olacaq, Azərbaycanla parlamentlərarası dostluq liqasının üzvləri ilə görüşəcək, Yaponiya qanunvericilik orqanının fəaliyyəti ilə yaxından tanış olacaqlar.
Milli Məclis sədrinin Yaponiya parlamentinin hər iki palatasının rəhbərliyi ilə keçiriləcək görüşlərində ikitərəfli əlaqələrin inkişafı, qanunverici orqanlar arasında informasiya və təcrübə mübadiləsi, deputatlarımızın beynəlxalq qurumlarda birgə səmərəli fəaliyyəti barədə fikir mübadiləsi aparılacaq.
Nümayəndə heyətinin üzvləri Kioto və Hiroşima şəhərlərinə səfər çərçivəsində gündoğan ölkənin qədim mədəniyyəti və tarixi abidələri ilə də yaxından tanış olacaqlar.