SİYASƏT


Milli Məclisdə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 13-cü iclası keçirilib

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də Milli Məclisdə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 13-cü iclası keçirilib.

İclası açan Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qurumla ölkəmiz arasında dialoq aparılmasının vacibliyini vurğulayaraq, Azərbaycanın regionda böyük nüfuza və qüdrətə sahib dövlət olduğunu xatırladıb. Bildirilib ki, bu gün Azərbaycan bir sıra məsələlərdə bütün dünya üçün nümunədir. Azərbaycan Avropa İttifaqı və Avropa Parlamenti ilə münasibətlərini qarşılıqlı hörmət, anlaşma əsasında davam etdirməyə, bunun üçün açıq fikir mübadiləsi aparmağa hazırdır. Bu əməkdaşlıq hər iki tərəf üçün faydalı olmalıdır.

Nümayəndə heyətinin rəhbəri, Avropa Parlamentinin Böyük Britaniyadan olan deputatı, Mühafizəkarlar və İslahatçılar Qrupunun təmsilçisi Sayyad Kərim ölkəmizdə onlar üçün yaradılan şəraitdən, göstərilən qonaqpərvərlikdən məmnunluğunu ifadə edib. O, Avropa İttifaqı və Avropa Parlamenti ilə Azərbaycan arasında əlaqələrin dərinləşdirilməsinin əhəmiyyətindən danışıb. Bu platforma çərçivəsində keçirilən görüşlərin və konstruktiv dialoqun yaxşı nəticə ilə yekunlaşacağına ümidvar olduğunu bildirib. Əlavə edib ki, bu əməkdaşlıq və faydalı dialoq xalqlarımızın ümumi maraqlarına xidmət edəcək. Qonaq deyib ki, parlamentlərimiz arasında olan ortaq dəyərlər, uzunmüddətli münasibətlər hər birimizin inandığımız məsələlərdir. Azərbaycan Avropa İttifaqı üçün mühüm bir ölkədir və biz münasibətlərimizi daha da möhkəmləndirmək istəyirik. Sayyad Kərim ölkəmizlə Avropa xalqlarının yaxınlığını təmin etmək üçün əllərindən gələni əsirgəməyəcəklərini vurğulayıb.

Komitənin 13-cü iclasının gündəliyinə 12-ci iclasın steneqramının təsdiqi, Avropa İttifaqı-Azərbaycan ikitərəfli münasibətləri, əhəmiyyətli islahatlar və inkişaf, Parlament Əməkdaşlıq Komitəsinin gələcək fəaliyyətinin istiqaməti məsələləri daxil idi.

Sonra iclasda Avropa İttifaqı və Avropa Parlamenti ilə ölkəmiz arasında əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.