SİYASƏT
Milli Məclisdə Azərbaycan-İndoneziya parlamentlərarası əlaqələri müzakirə olunub
Bakı, 22 fevral, AZƏRTAC
Fevralın 22-də Milli Məclisdə Azərbaycan-İndoneziya parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə İndoneziya parlamentinin Nümayəndələr Palatasının üzvləri arasında görüş olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan-İndoneziya Dostluq qrupunun rəhbəri Bəxtiyar Əliyev bu kimi görüşlərin qarşılıqlı əməkdaşlığa mühüm töhfə verdiyini bildirib.
Azərbaycan sürətlə inkişaf edən bir ölkə olduğunu bildirən Bəxtiyar Əliyev qeyd edib ki, bu gün ölkəmizdə müxtəlif sahələrdə islahatlar həyata keçirilir. İqtisadi potensialına görə bu gün Azərbaycan Cənubi Qafqazda aparıcı dövlətdir. Azərbaycan həm elm, həm təhsil, həm mədəniyyət, həm də idman sahəsində böyük uğurlar əldə edib. Bu gün Avropa ilə Asiya arasında bir nəqliyyat körpüsü rolunu oynamaq üçün Azərbaycanın kifayət qədər potensialı var. Azərbaycan multikultural bir dövlətdir, ölkəmizdə multikulturalizm həm həyat tərzidir, həm də dövlət siyasətidir.
İlk Avropa Oyunlarının Bakıda keçirildiyini bildirən deputat IV İslam Həmrəyliyi Oyunlarının da bu il ölkəmizdə keçiriləcəyini vurğulayıb.
Azərbaycan parlamentinin fəaliyyəti barədə məlumat verən B.Əliyev deyib ki, Milli Məclis Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində, o cümlədən iqtisadiyyatın, mədəniyyətin inkişafında, beynəlxalq əlaqələrin genişləndirilməsində olduqca böyük rol oynayır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verən Azərbaycan-İndoneziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri bildirib ki, münaqişə nəticəsində 1 milyondan çox azərbaycanlı məcburi köçkünə, qaçqına çevrilib. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə çalışır. Təəssüflər olsun ki, Ermənistan öz işğalçı siyasətini davam etdirərək müxtəlif bəhanələrlə danışıqlardan yayınır.
İndoneziya parlamentinin Nümayəndələr Palatasının üzvlərindən ibarət nümayəndə heyətinin rəhbəri xanım Meutya Viada Hafid Azərbaycanın gözəl və tarixi ölkə olduğunu qeyd edib. O, İndoneziya parlamentinin fəaliyyəti haqqında ətraflı məlumat verib.
Görüşdə iki ölkə arasındakı münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolu xüsusi vurğulanıb.