SİYASƏT


Milli Məclisdə Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub

Bakı, 9 avqust, AZƏRTAC

Avqustun 9-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə rəsmi səfərdə olan Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Oqtay Əsədov dost və qardaş ölkələrimiz arasında əlaqələrin inkişafından danışıb. Yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin inkişafında böyük rol oynadığını qeyd edən Milli Məclisin sədri Prezident Qurbanqulu Berdiməhəmmədovun bu səfərinin Azərbaycan-Türkmənistan əməkdaşlığının daha da genişlənməsinə mühüm töhfə verəcəyini əminliklə vurğulayıb. Oqtay Əsədov deyib ki, ölkələrimiz arasında indiyədək 45 sənəd imzalanmışdı, bu səfər çərçivəsində isə daha 14 sənəd imzalandı və bununla da mövcud hüquqi baza daha da möhkəmləndirildi. “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin imzalanması isə ölkələrimizin hərtərəfli əməkdaşlığının daha da inkişafına geniş imkanlar açacaq.

Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafında hər iki ölkənin prezidentlərinin siyasi dialoqlarının əhəmiyyətini vurğulayan Oqtay Əsədov ölkələrimizin parlamentləri arasında da yaxşı əməkdaşlığın olduğunu söyləyib.

Azərbaycana səfərindən məmnunluğunu bildirən Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Bakıda keçirdiyi görüşlərin, aparılan müzakirələrin və imzalanan sənədlərin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Ali qonaq Azərbaycanın və Türkmənistanın qanunverici orqanları arasındakı əməkdaşlığı yüksək qiymətləndirib. Dövlət başçısı ölkələrimizin beynəlxalq səviyyədə birgə fəaliyyətindən, qarşılıqlı etimad və dəstəkdən razılığını bildirib.

Türkmənistan Prezidenti vurğulayıb ki, ölkələrimizin energetika, nəqliyyat və digər sahələrdə reallaşdırdığı iri layihələr nəinki region, həm də dünya üçün xüsusi önəm daşıyır. Dövlət başçısı xalqlarımızı dərin tarixi köklərin, mənəvi və mədəni dəyərlərin birləşdirdiyini, bunları qoruyub gələcək nəsillərə çatdırmağın vacib olduğunu söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.