MƏDƏNİYYƏT
Milli Məclisdə “Şərq nağılı” – Əlil gənclərin I Beynəlxalq Yaradıcılıq Festivalı çərçivəsində görüş keçirilib
Bakı, 22 sentyabr, AZƏRTAC
Sentyabrın 22-də Milli Məclisdə “Şərq nağılı” – Əlil gənclərin birinci Beynəlxalq Yaradıcılıq Festivalı çərçivəsində görüş keçirilib.
Tədbiri açan Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, bu gün fiziki qüsurlu insanların cəmiyyətə inteqrasiyasını sürətləndirmək, onların iş imkanlarını genişləndirmək məqsədilə Azərbaycanda çox işlər görülür. Komitə sədri ölkədə paralimpiya idman növlərinin geniş vüsət aldığını, bir neçə ildir ki, Sumqayıt şəhərində məxsusi olaraq bu idman növləri ilə məşğul olmaq üçün geniş idman kompleksinin fəaliyyət göstərdiyini deyib. O, Milli Məclis tərəfindən qəbul edilən bütün qanunlarda fiziki qüsurlu insanların hüquqları ilə bağlı maddələrin yer aldığını vurğulayıb. Qeyd olunub ki, Bakı şəhərində yeni tikilən bütün yeraltı keçidlərdə və metro stansiyalarında əlillərin rahat hərəkəti üçün lazımi şərait yaradılıb.
Tədbirdə çıxış edən Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı ölkəmizdə inklüziv təhsilin inkişafı sahəsində görülən işlərdən, əlilliyi olan və fiziki qüsurlu insanların iş fəaliyyəti üçün həyata keçirilən dövlət proqramlarından söhbət açıb. Bu sahədə Belarus, Qazaxıstan, Qırğızıstan kimi ölkələrin təcrübəsinin öyrənilməsinin əhəmiyyətini vurğulayıb.
Parlamentin gənclər və idman komitəsinin sədri Fuad Muradov çıxışında bildirib ki, 20 ilə yaxındır dünya paralimpiya çempionatlarında bizim gənclər də iştirak edir, müxtəlif yerlər tutur və Azərbaycan bayrağını göylərə qaldırır, himnimizin səsləndirilməsinə nail olurlar. O, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın əlilliyi olan və fiziki qüsurlu insanların təhsili, həyat şəraiti və fəaliyyətləri üçün ölkədə həyata keçirdiyi təmənnasız xidmətləri yüksək dəyərləndirib.
Tədbirdə Milli Məclisin deputatı Çingiz Qənizadə, MDB üzrə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktorunun müavini Elvira Dolya, Moskva Dövlət Humanitar İqtisad Universitetinin rektoru Vaqif Bayramov, Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə BMT-nin Əlillərin hüquqları haqqında Konvensiyasının 142 ölkə tərəfindən təsdiqləndiyini qeyd ediblər. Bildirilib ki, bu gün dünyada 1 milyard 180 milyon fiziki qüsurlu insan var. Əlillər cəmiyyətin ən həssas təbəqəsidir və bu sahə bütün dünyada dövlətin, ali məktəblərin, sivil cəmiyyətlərin marağında olmalıdır. Qeyri-hökumət təşkilatlarının bu məsələdəki rolu xüsusilə vurğulanıb. Çıxışlarda mövcud problemlərdən də söhbət açılıb.
Daha sonra toplantıda QHT nümayəndələri, Gürcüstan, Litva, Belarus, Moldovadan gələn qonaqlar çıxış edərək əlilliyi olan gənclərin sosial inteqrasiyası, cəmiyyətə tam adaptasiyasının təşviqi, fiziki qüsurlu insanların hüquqlarının qorunması ilə bağlı problemlər, əlil insanların fəaliyyəti üçün imkanların artırılması barədə fikirlərini bildiriblər.
Sonda deputatlar iştirakçıları maraqlandıran sualları cavablandırıblar.